×
A
A
A
Sazlamalar

“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə XIV əsrin məşhur ərəb alimi Siracəddin Əbu Həfs Ömər bin əl-Müzəffər ibn əl-Vərdinin “Xəridətül-əcaib və fəridətül-ğəraib” əsərinin əslən Azərbaycandan olan, XVI əsr Osmanlı ədibi, tarixçi və tərcüməçisi Mahmud Şirvani tərəfindən türkcəyə edilmiş tərcüməsi kitab halında işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Əsərin Əlyazmalar İnstitutunda saxlanılan fotosurəti əsasında hazırlanmış nəşrə tərcümənin birinci yarısı daxil edilib. İnstitutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlının mətnini transfoneliterasiya edib çapa hazırladığı bu kitabda müəllif o dövrdə məşhur olmuş şəhərlər, çaylar, dağlar, dənizlər, bitkilər və heyvanlar haqqında məlumat verib.
Yeni nəşrin elmi redaktoru akademik Möhsün Nağısoylu, “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Kamandar Şərifov, redaktoru və ərəbcə hissələri tərcümə edən isə institutun böyük elmi işçisi Rauf Şeyxzamanlıdır.

Elm və təhsil 2024-04-05 10:23:00