×
A
A
A
Sazlamalar

Bülbülün Memorial Muzeyində Asəf Zeynallının 115 illik yubileyi qeyd edilib

Bakı, 4 aprel, AZƏRTAC

Bülbülün Memorial Muzeyində Şövkət Ələkbərova adına 20 saylı onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, milli romans janrının müəllifi, istedadlı bəstəkar Asəf Zeynallının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Məktəbdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova bəstəkar Asəf Zeynallının həyat və yaradıcılığından, Bülbüllə dostluğundan söhbət açıb. O, Asəf Zeynallının 1932-ci ildə Bülbülün yaratdığı Elmi Tədqiqat Musiqi Kabinetindəki fəaliyyətindən bəhs edib.
Tədbirdə Asəf Zeynallının ailə üzvü Elşanə Ağasıyeva bəstəkarın həyatından, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı isə onun yaradıcılığından söz açıb.
Tədbirdə məktəbin şagirdləri Asəf Zeynallının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Konsertdə "Ölkəm" romansı, xalq mahnısı "Səndən mənə yar olmaz", "Kuklaların yürüşü", "Rəqs", "Çahargah", "Muğamsayağı" əsərləri səsləndirilib.

Mədəniyyət 2024-04-04 22:01:00