×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya ekspertləri Cənubi Qafqazda sülh və sabitlik perspektivlərini müzakirə ediblər

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik amili kimi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masanın moderatoru Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) Postsovet ölkələri kafedrası müdirinin müavini Aleksandr Quşin olub.
Tədbirdə hər iki ölkənin ekspertləri və alimləri iştirak ediblər. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər region xalqları üçün böyük rol oynayır. O, iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. AMEA-nın vitse-prezidenti elm sahəsində əməkdaşlığın perspektivlərinə də toxunub: “İki ölkənin alimləri qarşılıqlı razılaşma əsasında dissertasiyaların müdafiəsində iştirak etməlidirlər. İnstitutların elmi arxivlərindən istifadə etmək, birgə tədqiqatlar aparmaq, konfranslar və simpoziumlar keçirmək lazımdır. Gələcəkdə Rusiya alimlərinin Azərbaycanda, bizim alimlərin isə Rusiyada silsilə mühazirələr keçirmələri üçün dəvətlər olmalıdır”, - deyə G. Baxşəliyeva bildirib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Bakıdakı Rus evi tərəfindən həyata keçirilən, iki ölkənin qarşılıqlı fəaliyyətinə dəyərli töhfə verən, eləcə də humanitar sahədə bir növ körpü rolunu oynayan layihələrdən bəhs edib.
Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki, professor Yefim Pivovar Xəzərdə neft-qaz və ətraf mühitin mühafizəsi sahəsində elmi tədqiqatların aparılmasının, neft və qaz boru kəmərlərinin, ölkələrimizin ərazilərindən keçən yeni nəqliyyat dəhlizlərinin tarixinin öyrənilməsinin vacibliyini qeyd edib.
Tədbirdə regiondakı mövcud vəziyyət, sabitliyin təmin edilməsində regional və beynəlxalq oyunçuların rolu, regional iqtisadi əməkdaşlığın təşviqi məsələləri müzakirə olunub. Çıxış edənlər bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinin vacibliyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, COP29 çərçivəsində “yaşıl” energetikaya həsr olunmuş iki konfrans keçiriləcək. Bu istiqamətdə Rusiya tərəfi ilə Sankt-Peterburqda konfransın təşkil edilməsi də planlaşdırılır.
Dəyirmi masa zamanı iqtisadi əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar əlaqələrin və mədəni qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub.
Qeyd edək ki, tədbir “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyi, AMEA, Rusiya Dövlət Humanitar Universiteti, Rusiya Elmlər Akademiyasının Tarix-filologiya elmləri bölməsinin nəzdində Avrasiyanın müasir tarix və mədəniyyətinə dair kompleks problemlər üzrə Elmi Şura, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələrin tarixi kafedrası tərəfindən təşkil olunub.

Elm və təhsil 2024-04-04 19:56:00