×
A
A
A
Sazlamalar

Tələbələr Bakı Zooloji Parkında elmi seminar keçiriblər

Bakı, 4 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Quşların ekosistemdə rolu” adlı elmi seminarını fərqli formatda Bakı Zooloji Parkında keçirib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda II kurs tələbəsi Səma Vəliyeva quşların ekosistemdə rolundan və mühafizəsinin vacibliyindən danışıb. Bildirib ki, hazırda Yer kürəsində 9800-dən artıq quş növü yaşayır, onlar öz quruluşu, həyat tərzi, qidası və artımına görə dəstələrə bölünür. Azərbaycanda isə mövcud olan 400 quş növü 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, Azərbaycanda il ərzində müşahidə edilir, 27 faizi qışlayan, 10 faizdən çoxu köç vaxtı qeydə alınan növlərdir. 36 növ quş Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilib. Quşlar təbiətin bəzəyi olmaqla yanaşı, ekosistemin qoruyucuları rolunda çıxış edirlər.
Fakültənin II kurs magistrantı Ramil Həsənov isə Abşeron göllərində (Bülbülə və Kürdəxanı) apardığı tədqiqat işi üzrə geniş təqdimatla çıxış edib.O bildirib ki, tədqiqat nəticəsində ərazidə ümumilikdə 73 növ quş qeydə alınıb ki, onlardan 9-u Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinə daxil edilib. Dörd növ isə Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) “Qırmızı siyahı”sına daxildir.
Daha sonra seminar iştirakçıları Bakı Zooloji Parkının ərazisində mühafizə olunan quş növlərini canlı müşahidə ediblər.

Elm və təhsil 2024-04-04 19:14:00