×
A
A
A
Sazlamalar

MEK-də təlim: Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) doktorantura və dissertanturaya sənəd qəbulunun elektronlaşdırılması ilə əlaqədar Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (TMİS) Ali və orta ixtisas təhsili alt sistemi (AOİTAS) vasitəsilə qeydiyyatına dair təlim keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu” mövzusunda keçirilən təlimdə MEK-in direktoru dosent Hüseyn Hüseynov ölkə üzrə müvafiq sənəd qəbulunun elektron portal üzərindən aparılacağını qeyd edib. MEK-in direktoru akademiyada bu pillələrə qəbulun cari ildən etibarən elektron qaydada həyata keçiriləcəyini diqqətə çatdırıb, təlimçilərə və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra TSİİ Ali və Orta İxtisas Təhsili Alt Sisteminin layihə rəhbəri Nicat Etibaroğlu doktoranturaya sənəd qəbulu ilə bağlı müraciətlərə baxılması, müvafiq qərarın verilməsi, müraciətçilərə müəssisənin qərarı barədə elektron bildirişlərin göndərilməsi, sistemə əlavə edilmiş qəbul planının işlənilməsi, təhsil haqqı ödənişlərinin həyata keçirilməsi prosesini izah edib. Qeyd olunub ki, sözügedən xidmət sayəsində TMİS-ə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər ETN-in “Şəxsi kabinet”ləri vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari, növbəti addımları vaxt itirmədən, olduğu yeri tərk etmədən izləyə biləcəklər. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak etmək şansı qazanırlar. Diqqətə çatdırıb ki, müraciətlərin elektron formada təşkil edilməsi qəbul prosesinin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Elm və təhsil 2024-04-04 19:05:00