×
A
A
A
Sazlamalar

Azərbaycanın üzləşdiyi mina problemi Bolqarıstan mətbuatında işıqlandırılıb

Bakı, 4 aprel, AZƏRTAC

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Bolqarıstan mətbuatında Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemlərinə dair silsilə yazılar dərc olunub.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yazılarda minaların dünyanın müxtəlif regionlarında sosial-iqtisadi inkişafa mane olması və insanların həyatına təhlükə törətməsindən bəhs edilir. Həmçinin Avropaya yaxın bir bölgədə ciddi mina təhlükəsinin mövcud olduğu və bunun Ermənistanın keçmişdə Azərbaycan ərazilərinin işğal etməsindən miras qaldığı bildirilir, işğaldan azad edilmiş ərazilərdə hələ də qalan milyonlarla minanın əhalinin öz evlərinə geri qayıtmasına maneə törətdiyi, iqtisadi fəaliyyətə ciddi əngəl yaratdığı vurğulanır. Minaların təmizlənməsi üçün ən azı 25 milyard ABŞ dolları vəsait və uzun müddət tələb olunduğuna diqqət çəkilib.
İnformasiyalarda 2024-cü il aprelin 2-də Tərtər rayonunun Çaylı kəndində maldarlıqla məşğul olan 3 mülki azərbaycanlının yaralanması ilə nəticələnən mina partlayışı barədə məlumat verilir, Ermənistanın minalanmış ərazilərlə bağlı dəqiq məlumat paylaşmaqdan yayındığı bolqar oxucuların diqqətinə çatdırılıb.
Mina probleminin qlobal miqyasda həlli üçün beynəlxalq ictimaiyyətin bir araya gələrək əməkdaşlıq etməsinin yalnız mənəvi borc deyil, həm də həyatı zərurət olduğu bildirilib.

Siyasət 2024-04-04 18:35:00