×
A
A
A
Sazlamalar

AMEA-da akademik Fazil Qurbanovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış cərrah-alimi, akademik Fazil Səməd oğlu Qurbanovun anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları İkinci Fəxri xiyabanda akademik Fazil Qurbanovun məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə akademik Fazil Qurbanovun həyat və yaradıcılığını əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbiri açan akademik İsa Həbibbəyli Azərbaycan tibb elmi və səhiyyəsi sahəsində tanınmış alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Fazil Qurbanovun böyük xidmətləri nəzərə alınaraq, AMEA Rəyasət Heyəti tərəfindən alimin 80 illik yubileyi haqqında qərarın qəbul olunduğunu və tədbirin həmin qərar əsasında keçirildiyini söyləyib. Qeyd edib ki, akademik Fazil Qurbanov böyük alim, cərrah, alicənab, parlaq insan idi. O, Rusiyada yaşayıb fəaliyyət göstərsə də, dövlətinə, xalqına sədaqətli şəxsiyyət kimi qəbul olunurdu.
Akademik Fazil Qurbanovun cərrahiyyənin istər praktiki, istərsə də elmi istiqamətlərinin inkişafında müstəsna xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, alimin elmi tədqiqatlarını əsasən mədə xorasının cərrahi müalicəsi, əməliyyat olunmuş mədədə rekonstruktiv bərpa, qida borusunun xərçəngi, qarın boşluğu orqanlarının cərrahi əməliyyatları və s. təşkil edirdi və onun əsərləri həm Azərbaycanda, həm də Rusiyada çap olunub.
AMEA rəhbəri vurğulayıb ki, Fazil Qurbanov cərrah fəaliyyəti dövründə çox sayda insanları əməliyyat edib, həmçinin bir çox pasiyenti düzgün yönləndirməklə onların həyatında mühüm rol oynayıb.
İsa Həbibbəyli akademik Fazil Qurbanovun Azərbaycan Tibb Universitetində və Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğul olaraq bu sahədə yüksəkixtisaslı kadr hazırlığı işinə də xüsusi töhfələr verdiyini deyib. Akademik Fazil Qurbanovun ölkəmizdə tibb elminin inkişafı və yüksəkixtisaslı həkim kadrların hazırlanması üzrə xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına və “Şöhrət” ordeninə layiq görüldüyünü söyləyib.

Bundan əlavə, alimin Rusiyada Azərbaycan diasporunun təşkilatlanmasında, Azərbaycan və Rusiya cərrah və alimləri arasında körpünün qurulmasında, birgə tədbirlərin həyata keçirilməsində müstəsna xidmətlərindən danışıb.
Çıxışının sonunda akademik Fazil Qurbanovla bağlı xatirələrini bölüşən AMEA prezidenti görkəmli alimin xatirəsinin daim onu sevənlərin və tələbələrinin qəlbində yaşayacağını bildirib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov isə çıxışında elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi ənənəsinin təqdirəlayiq olduğunu, bu ənənənin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Akademik Fazil Qurbanov və onun ailəsi ilə tanışlığının uzun illərə söykəndiyini deyən akademik Əhliman Əmiraslanov alimin SSRİ Tibb Elmləri Akademiyasının Ümumrusiya Elmi-Tədqiqat Mərkəzində cərrahiyyə üzrə doktorantura təhsili alaraq məşhur SSRİ cərrahı akademik Aleksandr Çernousovun məktəbini keçdiyini bildirib. Həmçinin onun yüksəkixtisaslı cərrah kimi yetişməsində akademik Böyükkişi Ağayevin mühüm rolu olduğunu vurğulayıb.
Akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Fazil Qurbanov ölkəsinə, ailəsinə bağlı insan olub və övladlarının da yüksəkixtisaslı peşəkar kadr kimi yetişməsinə çalışıb və bu gün onun övladları şərəflə dövlətimizə, vətəndaşlarımıza xidmət edirlər.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov görkəmli şəxsiyyətlərimizin irsini xalqımızın yaddaşında qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, akademik Fazil Qurbanov dövrünün ən qabaqcıl mərkəzində çalışıb, öyrənib, bilik və bacarıqlarını xalqı üçün sərf edib və öz məktəbini yaratmaqla hələ də xalqımıza xidmətini davam etdirir.

Yubiley tədbirində çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, Fazil Qurbanov çox məhsuldar bir alim olub, 280-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, Rusiya və Azərbaycanın ali təhsil müəssisələri üçün hazırlanmış 4 dərslik və metodiki vəsaitin, 13 ixtira və 7 səmərələşdirici təklifin müəllifi olub. Alimin əsərləri çoxillik fundamental və kliniki tədqiqatların mühüm nəticələrini əks etdirib və hər biri tibb elminə dəyərli töhfələr verib. Akademikin məsləhətçiliyi və elmi rəhbərliyi ilə 30-a yaxın doktorluq və namizədlik dissertasiyası müdafiə olunub. Onun yaratdığı elmi məktəbin davamçıları sırasında həm Azərbaycanda, həm MDB məkanında, həm də digər xarici ölkələrdə yaxşı tanınan, insanların sağlamlığının keşiyində dayanmaqla, həmçinin ölkəmizə şöhrət gətirən onlarla alim və təbib vardır.
Akademik İradə Hüseynova vurğulayıb ki, alim fəaliyyəti dövründə cərrahi müalicədən sonra kardiospazm residivləri zamanı pnevmatik kardiodilyatasiyanın yaranma mexanizmlərini araşdırıb, xərçəng və qida borusunun xoşxassəli strukturları zamanı birmomentli ezofaqoplastikanın üstünlüklərini göstərib. Həmçinin həzm traktının xoşxassəli və bədxassəli xəstəliklərinin cərrahi və konservativ müalicəsində bir sıra yeni metodları uğurla tətbiq edilib.
Sonra akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş elmi işçisi tibb elmləri doktoru, professor Zərraf Şirinov “Akademik Fazil Qurbanovun elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Bundan əlavə, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru professor Rauf Ağayev, ATU-nun II Cərrahi xəstəliklər kafedrasının professoru Surxay Hadıyev, Mərkəzi Klinik Xəstəxananın baş həkiminin müavini Zaur Xəlilov və Siyasi Kommunikasiyaların Modelləşdirilməsi Mərkəzinin rəhbəri professor Kamran Rüstəmov çıxış edərək akademik Fazil Qurbanovun həkim-cərrah fəaliyyətindən danışıb, onun yüksək insani keyfiyyətə malik olduğunu deyiblər.
Sonda akademik Fazil Qurbanovun ailə üzvləri adından qızı, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru professor Cəmilə Qurbanova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Elm və təhsil 2024-04-04 18:22:00