×
A
A
A
Sazlamalar

Təhsil eksperti: Ali təhsil ocaqlarında praktiki biliklər tələbələri kifayət qədər qane etmir

Bakı, 4 aprel, AZƏRTAC

Hər il minlərlə tələbə Azərbaycan universitetlərindən məzun olur. Təbii ki, məzunlar əmək fəaliyyətinə başlamaq üçün hər biri öz sahəsi üzrə müəyyən vakansiyalara müraciət edir. Statistika göstərir ki, hər il universiteti bitirənlərin 40 faizə yaxını öz ixtisası üzrə sahələrdə işləmir. Buna əsas səbəb məzunların öz ixtisası üzrə bilik və bacarıqlarının kifayət qədər olmamasıdır. İstər dövlət qurumlarında, istərsə də özəl sektorda işəgötürənlər daha çox potensiallı, işinin əhli olan kadrlarla üstünlük verir. Amma çox təəssüf ki, bir çox işəgötürənin narazılığı gənc kadrların kifayət qədər təcrübi biliklərə malik olmamasıdır. Universitetlərdə daha çox nəzəri biliklərin mənimsənilməsi, praktiki biliklərə münasibətin zəif olması tələbələrin gələcək iş həyatına mənfi təsir göstərir. Ona görə də universitetləri bitirənlərin əksəriyyəti təcrübi biliklərdən xəbərsiz qalır, yaxud da tam mənimsəmir. Bu da bir çox gənclərin əmək bazarına olan münasibətini xeyli dəyişir. Eyni zamanda, gənclər məcburiyyət təcrübi biliklərini inkişaf etdirmək üçün hazırlıq kurslarına və yaxud özəl sektorlara müraciət edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib. Ekspertin sözlərinə görə, bu gün universitetlərdə praktiki biliklərin kifayət qədər mənimsənilməməsi gənclərin xarici universitetlərə üz tutmasına da müəyyən qədər səbəb olur. O bildirib ki, xarici ölkələrin universitetlərində təhsil alan tələbələrin bir çoxu praktiki biliklərin aşılanmasını ölkə universitetləri ilə müqayisə olunmayacaq dərəcədə fərqli olduğunu ifadə edirlər: “Əgər yerli universitetlər kadr hazırlığı istiqamətində müəyyən addımlar atıb, tələbələrin nəzəri bilikləri ilə yanaşı praktiki biliklərinin mənimsənilməsinə öz töhfəsini verərsə, bu, gənclərin işlə təmin olunmasında xüsusi rol oynayacaq. Həmçinin bizim ali təhsil qurumları kadr hazırlığında kifayət qədər tələbəyə dəstək olarsa, bu, gələcəkdə gənclərin əmək bazarında rahatlıqla müəyyən bir mövqe tutmasına gətirib çıxaracaq”.
Ramin Nurəliyevin fikrincə, universiteti yeni bitirən gənclər ixtisasları üzrə iş tapa bilmədiklərinin səbəbini işəgötürənlərdə, müsahibə və imtahan keçirən qurumlarda görürlər: “Ümumiyyətlə cəmiyyətdə belə bir fikir formalaşıb ki, vətəndaş universiteti bitirdikdən sonra dövlət onu işlə təmin etməlidir”.
Ekspert bildirib ki, gənclər universiteti bitirdikdən sonra onlara yüksək vəzifə ilə iş təklifi olunacağını gözləməməlidirlər: “Bu gün yaşadığımız cəmiyyətdə bacarıqlı, ixtisasının bilicisi olanlar asanlıqla işlə təmin olunur və yaxud öz işini qurur. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Gəlin etiraf edək ki, ölkəmizdə dövlət və özəl sektorda iş yerləri və iş imkanları az deyil. Öz bilik və bacarığı yüksək səviyyədə olan kadrlar iş tapmaqda çətinlik çəkmirlər. Hər il dövlət qurumlarında dövlət qulluğu müsabiqəsinə uyğun vakansiyalar verir. Dövlət qulluğu imtahanında müvəffəq olanlar işlə təmin olunurlar. Eləcə də Dövlət Proqramı əsasında xaricdə təhsil alanlar ölkəyə qayıdaraq işlə təmin edilirlər”.
Təhsil eksperti qeyd edib ki, ali təhsil ocaqlarında nəzəri biliklərlə yanaşı təcrübi biliklər yüksək səviyyədə olmalıdır: “Düşünürəm ki, hər bir ixtisas üzrə universitetlər ən yaxşı təcrübə yerlərini müəyyən etməlidir. Təcrübə keçilən yerlər lazımi tələblərə cavab verməlidir. Həmçinin tələbələrə ciddi nəzarət olunmalıdır. Tələbələr hüquq ixtisası üzrə ən yüksək məhkəmələrdə, tibb ixtisası üzrə ən yaxşı klinikalarda, jurnalistika ixtisası məzunları ən yaxşı media mərkəzlərində, iqtisadiyyat yönümlü ixtisaslar İqtisadiyyat Nazirliyində, şirkət və banklarda, mühəndislik ixtisasları istehsalat mərkəzlərində, zavod və fabriklərdə, pedaqoji ixtisaslar üzrə isə nəticələri yüksək olan məktəb, lisey və gimnaziyalarda təcrübə keçməlidir. Tələbə özü ixtisasına uyğun təcrübə yeri tapırsa, universitetlər buna şərait yaratmalı və yaxşı yerlərdə təcrübə keçmələrinə kömək göstərməlidir. Əlbəttə, bu mövzuda universitet ilə yanaşı tələbənin də istək və marağı əsasdır. Tələbə də bu istiqamətdə gələcəyinin həll olunmasını düşünərək praktikaya ciddi yanaşmalı, mükəmməl təcrübi biliklərə sahib olmalıdır. Çox təəssüflər olsun ki, bizim tələbələrin bir qismi təcrübə proqramlarına ciddi yanaşmırlar. Müxtəlif yollar və bəhanələrlə təcrübə proqramlarından yayınmağa çalışırlar.
Bütün bunları nəzərə alaraq təcrübə şəraiti həm universitetlərdə, həm təcrübə yerlərində məsuliyyətlə aparılmalı, tələbələr də bu proqrama aktiv yanaşmalıdır. İstər əmək bazarında, istərsə də iş həyatında gənclərimizin müvəffəqiyyət əldə etməsi üçün təcrübə yerlərinin subyektləri, universitet rəhbərliyi və tələbə birgə səy göstərməlidir”.

Elm və təhsil 2024-04-04 17:59:00