×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutu Biləsuvar məktəbliləri üçün maarifləndirici xarakterli görüş təşkil edib

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə savadlı və intellektli gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ali məktəbin növbəti səfəri Biləsuvar rayonuna olub.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ölkəmizdə mövcud olan multikultural mühit, dövlət–din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə ətraflı məlumat verib. O, ölkə rəhbərliyi tərəfindən təhsilalanların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, keyfiyyətli təhsil almaları üçün lazım olan bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu vurğulayıb. Bildirib ki, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına cəmiyyətimizdə böyük önəm verilir. Bu sahədə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış müdrik siyasi-mənəvi xətti Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi olması ilə seçilir.
İnstitut rəhbəri bildirib ki, ölkəmizdə dinlərarası və məzhəblərarası sabitliyi pozmağa çalışan yad qüvvələr bilməlidirlər ki, xalqımız belə təhdidlərə qarşı hər zaman birlikdə mübarizə aparacaq.
Rektor vurğulayıb ki, institutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımlar atılır və bundan sonra da müvafiq istiqamətdə mühüm işlər görüləcək. Ali təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılmasına, müəllimlərin öz fəaliyyətlərinə yaradıcı yanaşmalarına, tələbələrin tədrisə maraqlarının artmasına, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafına səylə çalışır.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru dosent Mirniyaz Mürsəlov institutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində tədris olunan ixtisaslar və fənlər barədə ətraflı məlumat verib. Prorektor yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Aİİ-də tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alacaq, hətta pulsuz yemək və dərsliklərlə təmin olunacaqlar. Aİİ sağlam dini düşüncəli, Vətənini, xalqını sevən, zəngin dünyagörüşlü gənclərimizin yetişmələri üçün bütün imkanlarını səfərbər edir.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Azərbaycan İlahiyyat İnstitutuna qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. Emin Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında ətraflı bəhs edib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2024-04-04 17:09:00