×
A
A
A
Sazlamalar

Mövlud Çavuşoğlu: Türkiyə sülhü dəstəkləyir və bundan sonra da Azərbaycanın yanında olacaq

Bakı, 4 aprel, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycanla Türkiyənin birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələrin regional və beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələri qeyd edilib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərimiz də vacib rol oynayır. Tərəflər bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Vurğulanıb ki, qanunverici orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu Prezident İlham Əliyevin builki seçkilərdə inamlı qələbəsinin onun xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ Zəfərinin nəticəsi olduğunu deyib.
Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimizin mühüm əməkdaşlıq istiqamətlərindən biri də beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.
Söhbət zamanı xüsusi vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də AŞPA-dır. Sahibə Qafarova deyib ki, artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.
Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasət 2024-04-04 16:52:00