×
A
A
A
Sazlamalar

BDU-da professor Əsməd Muxtarovanın elmi fəaliyyətinə həsr olunan tədbir keçirilib

Bakı, 4 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarovanın 80 illik yubileyinə həsr olunmuş “Ortaq türk tarixinin tədqiqi, tədrisi, təbliği məsələləri istiqamətində professor Əsməd Muxtarovanın fəaliyyəti” adlı tədbir keçirilib.
Əvvəlcə yubilyara həsr edilmiş “Tarixçi ömrünün tarixə dönmüş səhifələri” adlı videotəqdimat nümayiş olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, professor Əsməd Muxtarova Azərbaycan və türk xalqlarının tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərib. O, professor Əsməd Muxtarovanın həyat və fəaliyyətinin ötən əsrin 60-cı illərinin sonundan BDU ilə bağlandığını, onun türk xalqlarının dövlətçilik, qədim dövr və orta əsrlər tarixinin öyrənilməsində xüsusi rolu olduğunu xatırladıb.
Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov “Türk xalqları tarixi kafedrası professor Əsməd Muxtarovanın rəhbərliyi dövründə” mövzusunda məruzə ilə çıxış edib.
BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Milli Məclisin vitse-spikeri professor Fəzail İbrahimli çıxışlarında professor Əsməd Muxtarovanın həyat yolu və elmi yaradıcılığının müxtəlif aspektlərindən danışıblar.
Tədbirdə “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalın təsisçisi və baş redaktoru professor Əsməd Muxtarova”, “İxtisaslı gənc kadrların hazırlanması sahəsində professor Əsməd Muxtarovanın fəaliyyəti”, “Türk dünyası inteqrasiya prosesləri baxımından professor Əsməd Muxtarovanın fəaliyyəti”, “Professor Əsməd Muxtarovanın timsalında Azərbaycan qadını” adlı məruzələr dinlənilib.
Həmçinin AMEA-nın Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev, Türkiyənin Uludağ Universitetinin Siyasi tarix kafedrasının müdiri professor Barış Özdal, 2019-2022-ci illərdə Əsməd Muxtarovanın doktorantı olan və tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini uğurla müdafiə edən, hazırda Ankara Hacı Bayram Vəli Universitetində çalışan Oğuz Bayrakdar yubilyara videotəbriklərini çatdırıblar.

Elm və təhsil 2024-04-04 16:50:00