×
A
A
A
Sazlamalar

Həsən Məcidov küçəsində aparılan təmir işləri başa çatıb

Bakı, 4 aprel, AZƏRTAC

Yasamal rayonunda Həsən Məcidov küçəsinin bir hissəsində (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) aparılan təmir işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, sözügedən hissənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir.
Təmir çərçivəsində küçəboyu 360 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub, ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Bu işlərə paralel olaraq küçəboyu yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
Son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Yaxın günlərdə küçədə piyada zolaqlarının və istiqamətverici oxların çəkilməsi işləri də icra olunacaq.

İqtisadiyyat 2024-04-04 15:43:00