×
A
A
A
Sazlamalar

Vaxtilə Rusiyanın forpostu olan Ermənistan indi Qərbin hərbi plasdarmına çevrilir ŞƏRH

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı müştərək konfransının təxirə salınmasını istəyir. Lakin ötən gün ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi etməsi Qərbin bu məsələdə öz gündəliyini dəyişmək niyyətində olmadığını göstərdi. Çünki məqsəd Ermənistanın tam şəkildə Qərbin nəzarətinə keçməsinə nail olmaqdır. Otuz il ərzində regionda Rusiyanın forpostu olan Ermənistan indi Fransa başda olmaqla, Qərbin hərbi plasdarmına çevrilir. Bu isə region ölkələri üçün ciddi təhdiddir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, sərhədlərində ABŞ və Avropa İttifaqının hərbi bazasının qurulması İranı da narahat etməlidir. Eyni zamanda, Gürcüstan da mövqe ortaya qoymalıdır.
“Qırx dörd günlük Vətən müharibəsində Prezident İlham Əliyev Qərbin regionla bağlı bütün planlarını pozdu. Qərb və Ermənistanın havadarları İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıq və status-kvo ilə barışmaq istəmir. Onlar Cənubi Qafqazda yeni ayırıcı xətlər yaratmağa çalışırlar. Təbii ki, Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Daha doğrusu, Ukraynada gözləmə mövqeyi tutan Moskva bu dəfə eyni səhvi təkrarlamaqda niyyətli deyil”, - deyə K.Nurullayeva qeyd edib.
Deputatın sözlərinə görə, ikinci Ukrayna və ya Suriyanı xatırladan Ermənistan hazırda regionda ən zəif durumda olan ölkədir: “Amma Qərb onun xilaskarı deyil. Çünki Qərbin bu vaxta qədər dəstəklədiyi bütün ölkələr xaos və böyük itkilərlə üzləşiblər. Ermənistan Qərbə ümid etməklə çox böyük səhvə yol verir. ABŞ-da keçirilən seçkilərdə Tramp hakimiyyətə gələrsə, Cənubi Qafqaz Ağ ev üçün arxa plana keçəcək. Fransanın da əli boşda qalacaq. Belə olan halda Ermənistan Əfqanıstan və Suriya kimi terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevriləcək”.
Könül Nurullayeva vurğulayıb ki, Azərbaycan heç bir halda Ermənistanın yenidən qalxmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Prezident İlham Əliyevlə Blinken arasında baş tutan telefon danışığı zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Əslində, ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng vuraraq, mövqelərini izah etməyə çalışması Azərbaycan Prezidentinin qlobal müstəvidə nüfuzunun göstəricisidir.
“ABŞ rəsmən inkar etməyə çalışsa da, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin keçirilməsi, sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Bu isə əsl ssenarinin nədən ibarət olduğunu anlamaq üçün kifayətdir”, - deyə deputat bildirib.

Siyasət 2024-04-04 14:57:00