×
A
A
A
Sazlamalar

Balakəndə tütün əkininə başlanılıb

Balakən, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 83 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Fermerlər cari təsərrüfat ilində əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Artıq təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Kampaniyanın ilk günündə rayonun Kortala, Talalar və Qullar kəndlərinin ərazilərindəki təsərrüfatlarda 3,7 hektar sahəyə tütün şitilləri köçürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC və “Zaqatala AGRO İndustry” MMC tərəfindən indiyədək 8 fermerlə müqavilə bağlanılıb.
Talalar kəndindən olan fermer İmran Cumayev “Azərtütün” ASC ilə bağladığı müqavilə əsasında bu il rayon üzrə hamıdan çox – 17 hektarda tütün əkməyi planlaşdırır. Fermerin təsərrüfatında ötən gün 0,5 hektar sahəyə tütün şitilləri köçürülüb. Kortala kəndindən olan fermer Zərifə Xəmmədova isə cari mövsümdə 9 hektar sahədə tütün yetişdirəcək. Qadın fermerin təsərrüfatında əkin kampaniyasının ilk günündə 2 hektar sahəyə tütün şitilləri köçürülüb. Qullar kəndindən Sədaqət Ceerçiyevanın təsərrüfatında ötən gün 1 hektar, Talalar kəndindən Nüsrət Əsgərovun təsərrüfatında isə 0,2 hektar sahədə tütün əkilib.
Rayonda tütün əkini davam edir.

 

 

Regionlar 2024-04-04 12:31:00