×
A
A
A
Sazlamalar

Buraxılış imtahanında Şəkidən 3 şagird maksimum nəticə göstərib REPORTAJ

Şəki, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi bu il martın 3-də keçirilmiş buraxılış imtahanlarında (XI sinif üzrə) 300 bal toplayaraq maksimum nəticə göstərib. İmtahanlarda yüksək bal toplayan şagirdlərdən 3-ü Şəkini, 3 məktəbli isə Qəbələ rayonunu təmsil edir.
AZƏRTAC-ın bölgə müxbiri Şəki rayonu üzrə maksimum nəticə göstərmiş şagirdlərin təhsil aldıqları məktəblərdə olub, dərs prosesində iştirak edib, müəllim və uğur qazanan şagirdlərlə söhbətləşib.
Buraxılış imtahanlarında maksimum nəticə göstərən məktəblilərdən biri – Fatimə Teymurlu Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbin XI b sinfində təhsil alır. Məktəb bu gün də öz təhsil ənənələri ilə seçilir. Məktəbin direktoru, Əməkdar müəllim Filyar İbrahimovanın sözlərinə görə, bu təhsil ocağında 869 şagird oxuyur. Məktəbdə 3 XI sinif var və bu siniflərdə 52 şagird təhsil alır. Onların hamısı buraxılış imtahanında iştirak edib. İmtahanlarda şagirdlərdən 19 nəfəri 200 baldan, o cümlədən 6 şagird 250 baldan yuxarı nəticə göstərib. Direktor bildirib ki, Fatimə 1-ci sinifdən 11-ci sinfədək məktəbin ən nümunəvi, nizam-intizamlı, əlaçı şagirdlərindən olub. Onun oxuduğu texniki və təbiət təmayüllü sinifdən 5 nəfər buraxılış imtahanında 250 baldan yuxarı nəticə göstərib. Ümumiyyətlə, bu sinif üzrə buraxılış imtahanlarında orta bal 215 bal təşkil edib.


Buraxılış imtahanında maksimum nəticəyə nail olan Fatimə Teymurlu sevinc hissini bölüşərək deyib: “Buraxılış imtahanında yüksək nəticə əldə etdiyimə görə çox xoşbəxtəm. Bu nəticəni əldə etmək üçün gecə-gündüz çalışırdım. Gələcəkdə tibb sahəsində çalışmaq, həkim olmaq istəyirəm. Arzum insanlara, xalqımıza tibbi xidmət göstərmək, onların sağlamlığı keşiyində durmaqdır. Bundan sonrakı blok imtahanında da yüksək nəticə əldə etmək üçün səylə çalışıram. Bu yolda mənə dəstək olan məktəb kollektivinə, doğma müəllimlərimə, həmçinin valideynlərimə təşəkkürümü bildirirəm”.

Buraxılış imtahanında 300 bal toplayan Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva isə gələcəkdə kompüter texnologiyaları sahəsində çalışmaq arzusundadır. “Buraxılış imtahanında qazandığım yüksək nəticəni dərslərimdə mütəmadi olaraq çalışaraq əldə etmişəm. Hazırlıq prosesində istirahətimə də xüsusi vaxt ayırırdım. Texniki fənlərə, riyaziyyat və fizikaya xüsusi marağım var. Gələcəkdə kompüter texnologiyaları ilə bağlı sahədə çalışmaq istəyirəm. Çünki XXI əsrdə, kompüter əsrində yaşayırıq. İşlərin çoxu avtomatlaşdırılıb, kompüterlə görülür. İnformasiyalar, məlumatlar kompüterlərdə saxlanılır. Ona görə də bu sahə mənim xüsusi marağımı çəkir. Məqsədimə çatmaq üçün qarşıdan gələn blok imtahanlarına da ciddi hazırlaşıram”,- deyə o bildirib.

Buraxılış imtahanında yüksək bal toplayanlardan biri də Şəki şəhər 18 nömrəli tam orta məktəbin XI a sinif şagirdi Zərifə İlyasovadır. Sevinc hisslərini bölüşən məktəbli deyib: “Təhsildə uğur qazanmaq üçün zəhmət çəkməli, davamlı şəkildə biliklərini artırmağa çalışmalısan. Buraxılış imtahanında 300 bal topladım. Növbəti hədəfim isə iyunda keçiriləcək blok imtahanında 400 bal toplamaq və ümumilikdə 700 balla ADA Universitetinə riyaziyyat ixtisası üzrə daxil olmaqdır. Gələcəkdə big data və data analitiki olaraq fəaliyyətimi davam etdirmək istəyirəm”.
Qeyd edək ki, məktəbdə Zərifənin ən çox sevdiyi fənn riyaziyyatdır. O, biliklərini öz yaşıdları ilə bölüşmək, paylaşmaq üçün şəxsi yutub kanalını da açıb. İnanır ki, internetlə sıx işləmək gələcəkdə hər hansı bir data, kompüter şirkətində çalışanda ona çox böyük fayda verəcək.
Yetirmələri ilə qürur duyduğunu vurğulayan məktəbin XI a sinfinin rəhbəri Billurə Əhmədova bildirib ki, şagirdlərinin yüksək nəticə göstərmələrinin əsas səbəbi müəllimləri tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmələri, məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etmələri, həmçinin daim öz üzərində çalışmalarıdır.
Qeyd edək ki, bu sinifdə oxuyan 23 şagirddən 12 nəfəri buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərib. Şagirdlərdən 8 nəfəri fərqlənmə attestatına layiq görülüb.

 

 

 

Regionlar 2024-04-04 10:55:00