Sumqayıt Tibb Mərkəzində “Şəhidlər evə qayıdır” filminin təqdimatı keçirilib
Sumqayıt, 3 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzinin (STM) təşəbbüsü və dəstəyilə çəkilmiş, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş “Şəhidlər evə qayıdır” qısametrajlı bədii-sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanan təqdimat mərasimində STM-nin direktoru Elnur Azadxanov Zəfər tariximizdən, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərindən söhbət açıb.
Direktor çıxışında 44 günlük Vətən müharibəsində dövlət-xalq-ordu birliyinin əhəmiyyətini qeyd edib, möhtəşəm Qələbənin hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi yaratdığını vurğulayıb.
E.Azadxanov qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısından və onlara olan ehtiramdan danışıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxışında bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bütövlüyümüzün təmin edilməsinə səbəb olub. Qeyd edilib ki, qəhrəman şəhidlərimizin xatirəsi, qazilərimiz xalqımızın qəlbində əbədi yaşayacaq. O, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyat yolunun təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb.
Şəhid Eldar Abdullayevin qardaşı Teymur Abdullayev çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda “Şəhidlər evə qayıdır” filmi nümayiş edilib.
Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO
20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub
Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib
Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət olunub
Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib