×
A
A
A
Sazlamalar

Naftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib

Naftalan, 3 aprel, AZƏRTAC

Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Turizm Agentliyinin Gəncə Regional İdarəsinin əməkdaşları ilə birgə hotel və müalicə mərkəzlərində rəy sorğusu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyıb. Həmçinin, sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.
Şəhərdə istirahət edən və müalicə alan 100-dən çox turist sorğuda iştirak edib ki, onlardan 55 faizini yerli, 45 faizini isə xarici turistlər təşkil edib.
Respondentlər arasında istirahət zamanı müalicənin keyfiyyətini əsas tutanlar - 89%, qiymət - 28%, digər 9% isə mövsümi endirimləri qeyd edənlərdir. Buraya gələn turistlərin 60% - dayaq-hərəkət, 40% - revmatik, 32% isə dəri, uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.
Sorğunun nəticəsindən aydın olub ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb, turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə razıyam deyənlər 86% təşkil edib.
Sorğuda suvenir məhsullarının azlığı, informasiyanın yetərsizliyi və bələdçilərin olmaması çatışmazlıq kimi qeyd edilib.

Regionlar 2024-04-03 18:37:00