×
A
A
A
Sazlamalar

Müəlliflik hüququ və əlaqəli hüquqlar - təlim

Bakı, 3 aprel, AZƏRTAC
“Əqli mülkiyyət aylığı” çərçivəsində Əqli Mülkiyyət Agentliyində “Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda təlim keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli ölkəmizdə müəllif-hüquq sisteminin yaradıcısı olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində müstəqil Azərbaycanda müəlliflik hüququ üzrə qanunvericilik və idarəetmə sisteminin formalaşdırılması, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə müəllif-hüquq sisteminin müasirləşməsi və inkişafının uğurla davam etdirilməsi barədə danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasında əqli mülkiyyət hüququ təsbit edilib, Azərbaycanın əqli mülkiyyət üzrə ilk qanunu – “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun qəbul olunub, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv seçilib və əqli mülkiyyət sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub.
N.Bədəlbəyli milli müəllif-hüquq sisteminin tarixi, keçdiyi inkişaf yolu və bu sahədə görülən işlər barədə Əqli Mülkiyyət Agentliyi tərəfindən hazırlanıb nəşr olunmuş “Azərbaycanın müəllif-hüquq sistemi’’ adlı kitabda dolğun məlumatların verildiyini bildirib.
Maraqlananlar “Azərbaycanın müəllif-hüquq sistemi’’ kitabını Əqli Mülkiyyət Agentliyindən pulsuz əldə edə bilərlər.
Təlimdə Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşları, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
“Əqli mülkiyyət aylığı” çərçivəsində Agentlik tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.
Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə 2024-cü ilin aprel ayı “Əqli mülkiyyət aylığı” elan edilib.

Elm və təhsil 2024-04-03 18:25:00