×
A
A
A
Sazlamalar

Şəkidə “Sərhəd” hərbi-idman oyununun zona birinciliyinin qalibləri müəyyənləşib

Şəki, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC

“Sərhəd” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 3-də Şəki rayonunda keçirilən zona mərhələsinin yarışları rayonun Kiş kənd 1 nömrəli tam orta məktəbin “Şimşək” komandasının qələbəsi ilə başa çatıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki rayonundakı N saylı hərbi hissəsində keçirilən yarışda Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən təşkil edilmiş komandalar mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Zona birinciliyinin rəsmi açılışında bildirilib ki, Təhsil, Gənclər və İdman nazirliklərinin, DSX-nin birgə təşkilatçılığı ilə hər il keçirilən “Sərhəd” hərbi-idman oyununun əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
Zona turunun nəticələrinə əsasən, Qəbələ rayonunun Abrıx kənd tam orta məktəbinin “Abrıx” və Qax şəhər 4 nömrəli tam orta məktəbin “Uludağ” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub.
Yarışın qalibi olan “Şimşək” komandası, eyni zamanda, hərbi-idman oyununun respublika mərhələsinə vəsiqə qazanıb.

Regionlar 2024-04-03 18:01:00