×
A
A
A
Sazlamalar

Direktorun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi məhkəməyə göndərilib

Bakı, 3 aprel, AZƏRTAC
Cəlilabad rayonunun Ocaqlı kənd 2 nömrəli tam orta məktəbinin direktoru Azər Əsgərovun qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb.
Cəlilabad Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, toplanan sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına əsaslı şübhələr müəyyənləşdirilib.
Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

 

Cəmiyyət 2024-04-03 17:49:00