×
A
A
A
Sazlamalar

Səfir: Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır

Bakı, 3 aprel, AZƏRTAC

Kubanın Azərbaycanda səfiri Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Kuba ədəbiyyatının Azərbaycanda tanıdılması üzrə nəzərdə tutulan tərcümə və nəşr layihələri müzakirə olunub, Kubanın müasir ədəbiyyatının, eləcə də əfsanəvi siyasi xadimlərinin həyat və fəaliyyətini əks etdirən kitabların Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Nəzərdə tutulan tərcümə və nəşr layihələrindən ilkin olaraq 1969–1974-cü illərdə Bakıda təhsil almış tanınmış kubalı alim Rafael Tenreyro Perezin Azərbaycan və azərbaycanlılar haqqında təəssüratlarını əks etdirən “Kubalı tələbə Bakıda” kitabının Azərbaycan və ispan dillərində nəşri ilə bağlı istək və arzularını çatdıran səfir Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni və məhsuldar mərhələnin başlandığını qeyd edib.
Görüşün sonunda qonağa məşhur Kuba inqilabçısı Çe Gevaranın Mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Boliviya gündəliyi” kitabı hədiyyə edilib.

Mədəniyyət 2024-04-03 17:27:00