×
A
A
A
Sazlamalar

V “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” proqramı və müsabiqəsi keçirilir

Bakı, 3 aprel, AZƏRTAC

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi V “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” proqramı və müsabiqəsinə start verib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu proqramı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunur. Layihənin əsas məqsədi məktəblilərdə təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində xüsusi bilik və bacarıqların formalaşdırılmasından və Azərbaycanda ilk dəfə olaraq məktəbin enerji menecment prosesində birbaşa iştirak etməsindən ibarətdir. Layihə çərçivəsində məktəb müəllimləri, ümumi təhsil müəssisələrinin şagirdləri üçün maarifləndirici təlimlər keçirilir.
Layihədə iştirak edən məktəblilər hazırlanan metodik vəsaitdə qənaətcil davranış prinsiplərinə xidmət edən 5 nominasiya üzrə qeydlər aparırlar.
Məktəblilərin V “Ekoloji yönümlü və enerji effektli yaşıl məktəb” respublika müsabiqəsi martın 1-dən iyunun 1-nə və sentyabrın 1-dən dekabrın 1-dək davam edəcək.
Müsabiqə elektrik enerjisinə qənaət, su sərfiyyatına qənaət, tullantıların çeşidlənməsi və “Zero waste” standartı, “Yaşıl bufet” (orqanik qida), “Yaşıl guşə” – məktəb və məktəbyanı sahələrin fitodizaynı və orqanik məktəb bağı, “Green innovation” (Yaşıl innovasiya), ekoloji aksiyalar və xüsusi günlər nominasiyalar üzrə aparılır.
İştirakçılar bu nominasiyalar üzrə topladıqları məlumatları məktəb rəhbərliyi tərəfindən təsdiqlənən xüsusi hesabat vərəqlərinə qeyd edərək müsabiqəyə təqdim edirlər.
Müsabiqə I – IV siniflər (ilkin səviyyə), V - VIII siniflər (orta səviyyə), IX - XI siniflər (irəliləyiş səviyyəsi) arasında keçirilir.
Layihənin sonunda məktəblər yekun müsabiqədə iştirak edir. Müsabiqə ilk ildə Bakı şəhəri üzrə 40-a yaxın ümumtəhsil müəssisəsini və 3000-ə yaxın məktəblini əhatə edib, sonrakı illərdə artıq respublika üzrə 300-ə yaxın məktəb və 22 minə yaxın şagird qoşulub.
Müsabiqədə iştirak edən orta məktəblərin ekoloji pasportlaşdırılması həyata keçirilir və yüksək bal toplayaraq reytinq üzrə seçilmiş məktəblərə “Mənim məktəbim ətraf mühitə diqqətlidir” və “Yaşıl məktəb” ekoloji emblemi təqdim olunur. Bununla yanaşı, fəal iştirak edən məktəblər diplom və sertifikatlarla təltif olunacaqlar.

Elm və təhsil 2024-04-03 17:26:00