×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda İslam incəsənəti sərgisi təşkil olunub

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi Ramazan ayı münasibətilə incəsənət sərgisi təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sərgidə Aİİ-nin İslam mədəniyyəti fənninin müəllimi, həmçinin “İslam incəsənəti” dərnəyinin rəhbəri Zaur Orucovun hüsnxət, ebru, miniatür və təzhib əsərləri nümayiş olunub. Dərnəyin üzvləri - institutda dinşünaslıq ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri Səidə Mirsalamova və Nicat Budaqovun hüsnxət əsərləri də sərgidə yer alıb.
Sərginin açılışında institutun rektoru dosent Aqil Şirinov tələbələrin dərsdənkənar vaxtlarını səmərəli keçirmələri, müxtəlif qabiliyyət və bacarıqlarını inkişaf etdirmələri üçün təşkil olunan dərnəklərin əhəmiyyətindən bəhs edib. Rektor hüsnxət, ebru, miniatür və təzhib sahələrində istedadı olan tələbələrin aşkarlanması, bacarıqlarının inkişaf etdirilməsi üçün institutda təşkil olunmuş “İslam incəsənəti” dərnəyinin fəaliyyətindən də danışıb.
Rektor Aqil Şirinov bünövrəsi Həzrət Peyğəmbər məktəbi tərəfindən qoyulan, ilk islahatı Həzrət Əli ilə başlayan, daha sonra Yaqut əl-Müstəsimi və İbn Müqlənin islahatları ilə inkişaf etdirilən hüsnxət ənənəsinin Azərbaycan mədəniyyətindəki böyük ustadlarını ehtiramla yad edib. Bu nadir insanlar arasında Mübarək şah Zərrinqələm, Mir Əli Təbrizi və digərlərinin peşəkar fəaliyyətlərini vurğulayıb.
İnstitut rəhbəri İslam mədəniyyətində “altı qələm” adı ilə tanınan (“şeş qələm” və ya “əqləmi-sittə”) nümunələrin daha çox məşhurlaşdığını diqqətə çatdırıb. Bunların xaricində “kufi”, “maqili”, “siyaqət”, “təliq”, “nəstəliq”, “divani” və “riqə” kimi çeşidlərin də tarixdə mövcud olduğunu qeyd edib.
İnstitutun İslam mədəniyyəti fənninin müəllimi, həmçinin “İslam incəsənəti” dərnəyinin rəhbəri Zaur Orucov tələbələrin dünyagörüşlərinin inkişafı istiqamətində görülən işlərin diqqətəlayiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Aİİ-də tələbələrin akademik göstəricilərinin artırılması məqsədilə təşkil olunan kurs və dərnəklərlə yanaşı, onların dünyagörüşlərinin artırılması, incəsənət qabiliyyətlərinin aşkarlanması və inkişaf etdirilməsi, dil bacarıqlarının artırılması, ümumilikdə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif dərnəklər fəaliyyət göstərir. “İslam incəsənəti” dərnəyi tələbələrin hüsnxət, təzhib, ebru və klassik miniatür İslam incəsənəti sahələrində inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
Tədbirin sonunda sərgidə əsərləri nümayiş olunan tələbələrə təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Elm və təhsil 2024-04-03 17:17:00