×
A
A
A
Sazlamalar

Baba Vəziroğlu: İlk müəllimimi dünyanın ən müdrik insanı sayıram

Bakı, 3 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti qonağı tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti görüşü paytaxtdakı 239 nömrəli tam orta məktəbdə keçirilib.
Şair məktəb illərini həyatının ən qayğısız, xoşbəxt illəri kimi yada salıb, unudulmaz xatirələrindən danışıb, müəllim adının, peşəsinin müqəddəsliyindən, illər keçsə də zamanın dəyişdirə bilmədiyi dəyərlərdən, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyindən söz açıb. Baba Vəziroğlu İsmayıllının dağ kəndində təhsil aldığı kiçik məktəbi dünyanın ən böyük məbədi, ilk müəllimini ən müdrik insanı kimi dəyərləndirib.
Qonaq Vətən müharibəsi zamanı xalqın nümayiş etdirdiyi birlik və vətənpərvərlik əzmindən, Qarabağ zəfərinin, azad Şuşanın yazarların yaradıcılığına təsirlərindən, Ulu Öndər Heydər Əliyevə həsr olunan “Sən elə bir zirvəsən” şeirinin yaranma tarixçəsindən danışıb, Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülməsini sənətinə verilən ali dəyər və ən gözəl yaradıcılıq motivasiyası adlandırıb.
Baba Vəziroğlu yeniyetmə və gənclərdə vətənpərvərlik hissini aşılamaq işində kitabların, bədii yaradıcılıq nümunələrinin rolundan, gənclərin daha çox oxumalı olduğu şair və yazarlardan söz açıb, məktəbliləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Elm və təhsil 2024-04-03 16:41:00