×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyinin mütəxəssisi: Normadan artıq şəkər qəbulu immun sisteminin fəaliyyətinə mənfi təsir edir

Bakı, 3 aprel, AZƏRTAC

“Güclü immun sistemi sağlamlığın vacib şərtidir. Ancaq immun sisteminin fəaliyyətini zəiflədən bir sıra amillər var”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, qidalanma və bəzi vərdişlər bu amillərə daxildir: “Normadan artıq, qeyri-sağlam qidalanma immun sisteminin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sisteminin funksiyasını azaldır ki, bu da nəticədə bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir”.
Z.Quliyev qeyd edib ki, həddindən artıq şəkər qəbulu immun sisteminin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini zəiflədir: “Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalmaq, keyfiyyətsiz yuxu və yuxusuzluq, istirahət etməmək, həddindən artıq stres yükü, tez-tez antibiotik istifadəsi və digər amillər immun sistemimizin zəifləməsinin əsas səbəblərindəndir”.

 

 

Cəmiyyət 2024-04-03 15:59:00