×
A
A
A
Sazlamalar

Aprel döyüşləri - Azərbaycanın hərb məharəti tarixinin yeni səhifəsi – ŞƏRH

Bakı, 3 aprel, AZƏRTAC
Dördgünlük Aprel döyüşləri 1994-cü ildən bəri davam edən sülh danışıqları təşəbbüsü və planlarının iflası, imitasiyaların tükənməsi və qarşı duran tərəflərin mümkün savaşa hazırlıq səviyyəsinin imtahanı kimi dəyərləndirmək olar. Çox qısa müddət davam etməsinə baxmayaraq, Aprel döyüşlərinin nəticələri Ermənistan-Azərbaycan müharibəsində hərbi-texniki transformasiyalara şahidlik etməklə yanaşı, əməliyyat məharətinin yenilənməsinə, hərbi idarəetmənin təkmilləşməsinə zəmin yaratmış oldu.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun müəllimi, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Zəfər Nəcəfov “Aprel döyüşləri - Azərbaycanın hərb məharəti tarixinin yeni səhifəsi” adlı məqalə yazıb. Məxsusi olaraq AZƏRTAC üçün yazılan araşdırma məqaləsini təqdim edirik:

Bu qısamüddətli döyüşlərin Böyük Zəfərə gedən nəticələrini tezis şəklində aşağıdakı kimi təqdim etmək mümkündür:
1. Münaqişənin dekonservasiyası və deokkupasiyanın başlanğıcı. 1994-cü il mayın 12-də imzalanmış atəşkəs müqaviləsinə əməl edilməmiş, mütəmadi qaydada təmas xəttində Ermənistan gərginlik yaratmaqla münaqişənin həllinin hərbi-güc kontekstindən kənara çıxmasına imkan verməməyə çalışmış və beləliklə, sülh danışıqlarının imitasiya xarakterli olduğunu göstərməklə kompromisin maksimal səviyyəsinin “status əvəzində sülh” formulu ilə mümkünlüyünü təlqin etməyə çalışmışdır. Hadisələrin bu formada konservasiyası əks tərəflərdə duran cəmiyyətləri müharibə əhvali-ruhiyyəsindən uzaqlaşmağa imkan verməmişdir. Münaqişənin nizamlanması istiqamətində konstruktiv səylərin böhranı ideoloji narrativlərin güclü olması ilə əlaqələndirilirdi. Bütün bunlar problemin həllində hərbi güc amilinin dominant rolunun qorunub saxlanmasına zəmin yaratmışdı. 2010-cu ildən başlayaraq təmas xəttində xırda toqquşmalar intensiv xarakter almağa başladı və atəşkəs dönəmində ilk dəfə olaraq hərbi eskalasiyanın 2016-cı il aprelin 2-5-də gerçəkləşməsinə rəvac verdi. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində yollar düşməndən azad olunmuşdur. Bu tarixi qələbə 2018-ci ilin mayında Günnüt, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirlərində qazanılmış möhtəşəm Zəfərin bünövrəsini qoymuşdur.
Prezident İlham Əliyev Aprel döyüşlərini belə xarakterizə etmişdir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

2. Aprel döyüşləri hərbi əməliyyatların transformasiyası nümunəsi kimi. Bu döyüşlər özündən əvvəlki Birinci Qarabağ müharibəsində müşahidə edilmiş hərbi əməliyyatlardan köklü şəkildə fərqlənir. Daha dəqiq desək, Aprel döyüşləri 1994-cü ildən bu yana qarşı-qarşıya duran tərəflərin hərbi quruculuq fəlsəfələrinin imtahanı idi. Azərbaycan 2000-ci illərin əvvəllərindən başlayaraq ordu quruculuğu sahəsində fəaliyyətlərin nəzəri-konseptual və praktiki istiqamətlərini sürətlə inkişaf etdirməklə yanaşı, onun maddi-texniki bazasının modernizasiyasını həyata keçirməyə başladı. Bu fəaliyyətlərin nəticəsi olaraq ölkənin müdafiə təhlükəsizliyinin strateji sənədləri işlənib hazırlandı, hərbi-müdafiə kompleksi müasir tələblərə uyğun qurulmağa başladı.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan nəinki öz müdafiə potensialını gücləndirdi, hətta onun şaxələndirilməsi siyasətini ustalıqla həyata keçirməyə nail oldu. Bu istiqamətdə çoxvektorlu xarici siyasət kursu müsbət nəticələrini vermiş oldu. Azərbaycan müdafiə potensialını şaxələndirməklə hərbi-texniki əməkdaşlıq sahəsində geosiyasi plüralizmin əsasını qoymuş oldu, bir çox dövlətlərlə, xüsusən də İsrail və Türkiyə ilə sıx əməkdaşlıq və mübadilə proqramlarını qətiyyətlə reallaşdırmağa başladı. 2012-ci ildə Qəbələ radiolokasiya stansiyasının (RLS) istismarının sona çatması Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi təlimlərinin keçirilməsinə ciddi təkan vermiş oldu. Azərbaycan öz arsenalını müasir silahlarla zənginləşdirdi. Həmin silahların 4 günlük Aprel döyüşlərində tətbiqi və uğurlu sınağı “hərbi işdə inqilabın” Azərbaycanın müasir ordu quruculuğu fəlsəfəsinə təsirinin və hərbi islahatların rasional icrasının nəticəsi kimi qiymətləndirmək olar. Dördgünlük döyüşlərdə müasir hərbi əməliyyatlara xas olan əsas əlamətlər yer və hava domenlərində fəaliyyətlərin sıx inteqrasiyasını təmin etmək, yüksək dəqiqlikli silahları bu fəaliyyətə cəlb etməklə sinxron zərbə taktikasına üstünlük vermək, dolayı fəaliyyətlər hesabına düşmənin arxa cəbhəsinin dərinliklərinə sızmaq və s. innovasiyalar hesab edilir.
3.Aprel döyüşlərində Azərbaycan düşməni kinetik və qeyri-kinetik qabiliyyətlərin inteqrativ tətbiqi hesabına üstələyə bildi. Bu taktikada ənənəvi quru döyüşlərin eyni anda virtual zərbə qabiliyyətinə malik insansız idarə olunan döyüş aparatları (PUA) ilə təmin olunması əsas amil hesab edilir. Bu döyüşlər həm də hərbi ekspertləri müharibələrin transformasiyasında “hərbi zorakılıq nəsilləri” tendensiyasına diqqət yetirməyə sövq etdi. XX əsrdə döyüş səhnəsində hegemonluq etmiş manevr döyüşləri Aprel savaşında 5-ci nəsil müharibə (qeyri-məhdud zorakılıq) xas elementlər (süni intellekt, tam avtonom sistemlər) ilə zənginləşdirildi və hibrid xarakteri ilə seçilməyə başladı. Klassik və yeni savaş texnologiyalarının inteqrasiyası bu münaqişənin gələcək tənzimlənməsində əsas rola iddialı olacağını ortaya qoydu və 44 günlük müharibədə isbata yetirildi. Bu tip müharibələrdə eşelonlaşdırılmış müdafiə xəttinin təmassız müharibələr qarşısında gücsüzlüyü, yeni hərbi texnologiyaların müharibələrin taleyində həlledici rolu diqqəti cəlb edən ən vacib məqamlardan hesab edilir.


4. Aprel döyüşlərinin Ermənistan üçün depressiv nəticələri. Bu savaşda Azərbaycanın qələbəsi Ermənistan ordusunun məğlubedilməzliyi və “Ohanyan xətti”nin keçilməzliyi haqqında mifin dağılmasına, hərbi kadr siyasətinin iflasına, mənəvi-psixoloji hazırlığının zəif olmasına və erməni ictimaiyyətinin ruh düşkünlüyünə səbəb oldu. Nəticədə Ermənistanda “üçüncü respublikanın” dayaqlarının çürüməsi, Qarabağ klanının mövqeyinin zəifləməsi və hakimiyyət böhranının dərinləşməsi prosesi sürətləndi.
5. Aprel döyüşləri hərbi-sənaye kompleksləri arasında rəqabəti əyani surətdə nümayiş etdirmiş oldu. Sovet silahı ilə silahlanmış Ermənistan ordusu qarşısında müasir silahlara malik və hərbi təlimlərdən keçmiş Azərbaycan Ordusunu peşəkar obrazında görmüş oldu. Dördgünlük döyüşlər Cənubi Qafqazın silah bazarının canlanmasına və qarşıduran tərəflərin qızğın silahlanmasına rəvac verməklə yanaşı, ölkə ictimaiyyətləri arasında barışmaz münasibəti daha da alovlandırdı. Bu döyüşlər 1992-ci ildən bəri davam edən mənasız dialoqun ömrünü qısaltdı, ATƏT-in Minsk qrupunun fəaliyyətini iflic etdi, Ermənistanda hakimiyyətlə əhali arasında sosial kommunikasiyanın pozulmasını sürətləndirdi. Sonda isə status-kvonun sürüşkənliyini bir qədər də artırdı və Azərbaycan xalqını tarixi qələbəyə istiqamətləndirmiş oldu.

Ordu 2024-04-03 15:27:00