×
A
A
A
Sazlamalar

Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Xırdalan, 3 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə görə 14 nəfər 300 bal toplayıb. Onların sırasında Abşeron rayonunun qabaqcıl ümumi təhsil ocağı olan Xırdalan şəhər 2 saylı tam orta məktəbin şagirdi Şəbnəm Novruzova da var.
Sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Şəbnəm Naxçıvanda doğulduğunu, birinci sinfə Xırdalanda getdiyini deyib. O, oxumağa, öyrənməyə daim meyil göstərib, artıq gələcək peşəsini seçib və məqsədinə nail olmaq üçün ciddi hazırlaşıb. Yüksək nəticə əldə edəcəyinə əmin olan Şəbnəm imtahandan sonra cavablarını yoxlayanda maksimum bal topladığını bilib.
Nailiyyətində oxuduğu məktəbin müəllimlərinin əməyinin olduğunu uvurğulayan Şəbnəmin hədəfi Baki Ali Neft Məktəbində biznesin idarə olunması ixtisası üzrə təhsil almaqdır.
Söhbətə qoşulan Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova bildirib ki, məktəb şagird və müəllim sayına görə ölkənin ən böyük tədris müəssisəsidir. Burada 6245 şagird oxuyur. Bu ilin buraxılış imtahan nəticələrinə görə Azərbaycan bölməsi üzrə 42 nəfər 250 balı keçib. Şagirdlər məktəbdənkənar tədbirlərdə də uğurla iştirak edirlər. Bu da onların hərtərəfli inkişafı üçün vacib amildir.

 

Regionlar 2024-04-03 12:31:00