×
A
A
A
Sazlamalar

Azərbaycanın gənc istedadları: Zümrüd Davudova

Bakı, 3 aprel, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın gənc istedadlarına dair silsilə məqalələrini davam etdirir.
Növbəti həmsöhbətimiz - opera müğənnisi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, bir neçə respublika müsabiqəsinin iştirakçısı və laureatı olan Zümrüd Davudova Opera və Balet Teatrında çalışır.
Taleyi onu çox maraqlı şəkildə musiqi aləminə yönləndirəndə, Zümrüdün cəmi 10 yaşı var idi. O, Azərbaycanda və Şərqdə ilk qadın opera müğənnisi olan Şövkət Məmmədovanın nəticəsi olsa da, onun musiqiyə qədəm qoyması Emma Şapplindən başlayıb.
“Mən ingilis dili öyrənməklə məşğul olurdum”, - Zümrüd deyir, - və birdən müəllimimin çantasında bir disk gördüm və o mənim diqqətimi cəlb etdi. Müəllimimdən onun kimin diski olduğunu xəbər aldım. Diskdə Emma Şapplinin mahnıları var idi. O, mənə çox maraqlı gəldiyi üçün müəllimim qulaq asmaq üçün diski mənə verdi.
Öz mahnılarını opera səsi ilə ifa edən Emma Şapplinin vokalı balaca Zümrüdün o qədər xoşuna gəlir ki, o öz səsini diskdəki səsə bənzədərək özü oxumağa başlayır. Qızlarının bu maraqlı məşğuliyyətinə diqqət yetirən valideynlər onun ifasının kifayət qədər yaxşı olduğunu görməyə bilməzdilər. Onlar, Zümrüdü, fikrini öyrənmək və məsləhət almaq üçün Azərbaycanın Xalq artisti Fidan Qasımovanın yanına aparırlar. Zümrüdə qulaq asan Fidan xanım qızın həqiqətən istedadlı olduğunu və bu istedadı inkişaf etdirmək lazım gəldiyini deyir.
Beləcə, 10 yaşlı Zümrüd musiqi ilə məşğul olmağa başlayır. Daha sonra məlum olacaq ki, qızcığaz yüksək soprano istedadını öz məşhur nənəsindən alıb. Bundan əlavə, Fidan Qasımovanın tövsiyəsi ilə Zümrüd həm də Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı musiqi məktəbinə daxil olur.
“Fidan xanım deyirdi: “Savadlı müğənni olmaq üçün həm də hansısa musiqi alətlərindən birində ifa etməyi bacarmaq lazımdır. Ona görə də, məni fortepiano dərslərinə qoydular. Artıq 10 yaşım olduğu üçün bu dərslərə başlamaq gec olsa da, elə alındı ki, musiqi məktəbində hər şey öz yolunda getməyə başladı, - vokalçı qız xatırlayır. – Mən hətta Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə konsertdə çıxış etdim, o vaxt orkestrin dirijoru Teymur Göyçayev idi. Bundan savayı, respublika müsabiqələrində də iştirak etdim və qalib gəldim, məsələn, Fikrət Əmirov adına Musiqi müsabiqəsində birinci oldum”.
9-cu sinifdə Zümrüd Bülbül adına Orta İxtisas Məktəbinin vokal şöbəsinə keçir, orada Yevgeniya Məmmədovanın sinfində təhsil alır. Daha sonra isə BMA-da Fidan Qasımovanın sinfinə daxil olur, beləliklə, öz ilk müəllimi ilə dərslərini davam etdirməyə başlayır. BMA-nı opera müğənnisi kimi fərqlənmə ilə bitirən Zümrüd öz təhsilini davam etdirmək qərarına gəlir və İtaliyaya yola düşür. Həmin ölkədə o, iki il Ozimo şəhərində Opera Sənəti üzrə Musiqi Akademiyasında (Accademia d’Arte Lirica di Osimo) təhsil alır.
“Bu təhsil ocağına hər il dünyanın müxtəlif ölkələrindən gənc mütəxəssislər gəlirlər. Mən oraya daxil olan ilk azərbaycanlı deyiləm. Əvvəl də həmin akademiyada bizim həmyerlilərimiz təhsil alıblar. Onların arasında artıq kifayət qədər tanınmış İlham Nəzərov, Azər Zadə, Məhərrəm Hüseynov kimi vokalçılar da var. Orada elə indi də bizim tələbələr təcrübə keçirlər”, - Zümrüd deyir.
Təhsilin xüsusiyyətlərindən danışan Zümrüd qeyd edib ki, Ozimo şəhərində yerləşən Beynəlxalq Opera sənəti Akademiyasında hər həftə İtaliyanın müxtəlif şəhərlərindən olan yeni müəllimlər gəlirdi, onlar tələbələrə 2-3 dərs keçirdi. “Bu təhsil sistemində müəyyən müsbət və mənfi cəhətlər var”, – deyə həmsöhbətimiz bildirir: “Hər həftə müxtəlif müəllimlərlə görüşəndə, müxtəlif məsləhətlər alaraq, özünə məxsus nəyisə tapa bilərsən. Mənfi cəhət isə ondan ibarətdir ki, bu, müğənnini çaşdıra bilər. Bu məqamda özünü dinləmək çox vacibdir. Müəllimlər bizi yönəldir, lakin nəticədə seçimi özün etməlisən. Şəxsən mən hesab edirəm ki, hər kəs öz yeganə müəllimini tapmalıdır, BMA-da şəxsən mənim üçün olduğu kimi”.
Zümrüdün sözlərinə görə, Opera sənət Akademiyasında oxumağın diqqətəlayiq cəhəti ondan ibarət idi ki, akademiyanın nəzdində “Teatro la Nuova Fenice” fəaliyyət göstərirdi və burada tələbələr tamaşaçılar qarşısında çıxış edə bilirdilər: “Biz operalardan müxtəlif tamaşalar qururduq. İldə bir dəfə isə bütün tələbələrin öz milli mahnılarını ifa etdiyi konsert keçirilirdi”.
Belə bir konsertlərdən birində azərbaycanlı vokalçı “Sarı gəlin”i ifa edərək, tamaşaçıları heyran etdi. “Zal çıxışımı çox yaxşı qarşıladı, onlar çox məmnun oldular. Əcnəbilər ümumiyyətlə, bizim kompozisiyaları, mahnıları, opera və baletimizi bəyənirlər. Mənə elə gəlir ki, bu, əsərlərimizin unikal bəstələnməsi ilə izah olunur – onlarda motivlərimizin koloriti və xarici motivlərlə harmonik qarışığı yer alır. Bizim xalq mahnımızı orada ifa etmək imkanına malik olduğuma görə qürur duyurdum”, – deyə Zümrüd xatırlayır.
İtaliyada təcrübə keçdikdən sonra gənc vokalçı Bakıya qayıtdı və dərhal Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına işə düzəlib, burada o, artıq altı ildir işləyir: "Teatra yeni gələndə hiss edirdim ki, sanki uzun müddətdir orada işləyirəm. Mehriban kollektivimiz var, hamı çox mehribandır, bir-birini dəstəkləyir, çox rahat idim!”.
Oynadığı ən parlaq rollardan bəhs edən Zümrüd, K.V.Glukun "Orfey və Evridika" Opera-baletində Amur rolundan bəhs edir: “Premyera əla keçdi. Belə bir uğurun olacağını gözləmirdim! Tanımadığım insanlar mənə yaxınlaşaraq məni tərifləyirdilər. Deyirdilər ki, mənim çox gözəl səsim var (gülür). Teatrımızda gözəl kostyumlar tikilir – onlar çox gözəldir! Mənim də qanadları olan çox gözəl bir kostyumum var idi. Odur ki, çox gözəl obraz alındı, insanlar da deyirdilər ki, kostyum səsə tam uyğun gəlirdi".
Zümrüdün xəyal etdiyi rollara gəlincə, gənc müğənni bəstəkar Şarl Qunonun "Romeo və Cülyetta" fransız operasından Cülyetta rolunu qeyd edir. Yeri gəlmişkən, Zümrüd bu operadan "Cülyetta valsı"nı bu il aprelin 27-dən mayın 3-dək Bakıda keçiriləcək Beynəlxalq opera festivalında ifa edəcək. Tədbir Azərbaycanın Xalq artisti, opera müğənnisi Fidan Hacıyeva tərəfindən təşkil edilir, Zümrüd onun vokal məktəbində dərs deyir.
"Mən çox şadam ki, Fidan Hacıyeva kimi bir insanla işləyirəm: o, inanılmaz dərəcədə istedadlı musiqiçi olmaqla yanaşı, gözəl rəhbər və çox yaxşı insandır", - deyə Zümrüd vurğulayır: “Belə bir festival təşkil etmək gözəl fikirdir. O gənc nəsil üçün çox faydalıdır, bu cür tədbirlər bizi inkişaf etdirir. Bu, böyük səhnəyə çıxmaq, qorxunu dəf etmək, bərkimək, aktyorluq bacarığını nümayiş etdirmək üçün bir fürsətdir".
Gələcək planlarını bölüşən Zümrüd deyir ki, festival başa çatdıqdan sonra bu il mayın sonu-iyunun əvvəlində keçiriləcək Bülbül adına müsabiqədə iştirak etmək istəyir.
"Düzünü desəm, müsabiqələri o qədər də çox sevmirəm", - deyə Zümrüd gülümsəyir. - Səhnəyə hər hansı bir çıxış həmişə orqanizm üçün stressdir, yarışma zamanı isə ikiqat stressdir. Amma mən yenə də iştirak etmək qərarına gəldim. Mənim üçün bu, özünü göstərmək, gücünü sınamaq və sadəcə çıxışdan həzz almaq üçün bir fürsətdir".
Bundan əlavə, Zümrüd bu il Opera və Balet Teatrının pianoçusu, konsertmeysteri Rebekka Maqomedova tərəfindən başladılan “OperaClass” layihəsində iştirak edir.
"Rebekka xanım gözəl musiqiçidir, biz ondan çox şey öyrənirik. Bu layihədə gənc müğənnilər və tələbə vokalçılar, eləcə də hazırda təhsil alan gənc konsertmeysterlər iştirak edir. Biz operalardan səhnələr hazırladıq və bu yaxınlarda Bakıdakı Rus evində çıxış etdik. Çox uğurlu konsert alındı - çox sayda tamaşaçı var idi, hamı çox bəyəndi. Biz bu layihəni davam etdirəcəyik",- deyə həmsöhbətimiz vurğulayır.
Bir çox opera müğənniləri kimi, Zümrüd də "La Skala" Teatrında çıxış etməyi xəyal edir və ümid edir ki, onun belə bir imkanı olacaq. Hazırda gənc vokalçı ölkəsinin teatr səhnəsində çalışır.
"Mən peşəmi sevirəm və öz üzərimdə işləyirəm. İndi bizim teatrda Azərbaycanın Xalq artisti, direktorumuz Yusif Eyvazovun sayəsində çox yaxşı hərəkat başlayıb. O, bizim üçün əlindən gələni edir və gələcəkdə milli teatrın səviyyəsini yüksəltməyi planlaşdırır. Biz hamımız buna inanırıq və bu ümumi məqsəd üçün çalışmağa hazırıq", - deyə Zümrüd bildirir.

Mədəniyyət 2024-04-03 08:00:00