Nazir: Belarus və Azərbaycan mədəniyyət sahəsində münasibətləri inkişaf etdirmək niyyətindədir VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
İki ölkənin mədəniyyət sahəsində birgə mühüm layihələr həyata keçirmək üçün bizim çoxlu ideyalarımız, planlarımız var. Noyabr ayında həmkarımla birlikdə Azərbaycanda Belarusun Mədəniyyəti Günlərinin təşkili formatını müəyyən etdik.
AZƏRTAC xəbər verir ki, bunu Belarusun mədəniyyət naziri Anatoli Markeviç bildirib.
“Biz bu yaxınlarda Belarus rəssamlarının sərgisinin açılışında iştirak etdik. Qürur duyuruq ki, sərgi Azərbaycan sakinlərində çox böyük maraq doğurub”, – deyə o vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, iki ölkənin teatrları arasında birgə əməkdaşlığın perspektivlər var. O əlavə edib ki, azərbaycanlı artistlər Belarusun Böyük teatrının quruluşlarında iştirak edirlər.
“Biz bu gün “Vitebskdə Slavyan bazarı” Beynəlxalq Festivalı çərçivəsində birgə çıxışın təşkilinə Azərbaycan tərəfinin çox böyük marağını görürük. Belaruslu izləyicilər həmişə Azərbaycan nümayəndələrini gözləyir. Bildiyiniz kimi, dünən Azərbaycanda Belarusda Kino Günlərinin açılışı olub. Bu gün Azərbaycanın mədəniyyət naziri ilə görüşdə biz özümüz üçün müəyyən etdik ki, hər halda əvvəllər imzalanmış sazişləri təkrar ciddi nəzərdən keçirmək və yeni planlar tərtib etmək lazımdır. Biz həm Azərbaycanda, həm də Belarusda mühüm layihələr həyata keçirəcəyik. Əminəm ki, buna mütləq nail olunacaq, çünki Azərbaycan və Belarusdan olan həmkarlarımızın yaradıcılıq potensialı ən iddialı planların reallaşmasına imkan verəcək”, - deyə nazir qeyd edib.
Anatoli Markeviç vurğulayıb ki, yaxın gələcəkdə Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır, Azərbaycan tərəfi ilə danışıqlar aparılır. Belarus naziri tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib, çünki hər iki ölkə mədəniyyət sahəsində ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir.
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının növbəti konserti olub