×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Konqo arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov və Jan-Klod Qakosso arasında təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniş tərkibdə görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri (COP29), habelə regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan ilə Konqo arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Müxtəlif istiqamətlər, o cümlədən neft və energetika, təbii resurslar, dövlət xidmətləri sektoru, təhsil, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti qeyd olunub.
Ölkəmizin QH-yə sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərin daha da inkişaf etdirildiyini qeyd edən nazir Ceyhun Bayramov Azərbaycanın bundan sonra da mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Cari ildə COP29-a sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesi, hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.
Görüşdə nazirlər Konqo Prezidentinin ölkəmizə səfəri zamanı imzalanması nəzərdə tutulan iki ölkə arasında əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər.
Tərəflər iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət sahəsində festivalların keçirilməsinin faydalı ola biləcəyini bildiriblər.
Nazir Jan-Klod Qakosso Azərbaycana səfərindən məmnunluq duyduğunu, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət 2024-04-02 16:28:00