×
A
A
A
Sazlamalar

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi beynəlxalq elmi konfransda ölkəmizi təmsil edib

Bakı, 2 aprel, AZƏRTAC

Daşkənd şəhərində Özbəkistan Respublikası Nəqliyyat Nazirliyi və Daşkənd Dövlət Transport Universitetinin təşkil etdiyi “Türk dövlətlərinin qarşılıqlı faydalı inteqrasiyası – Davamlı inkişafın təminatı” adlı beynəlxalq elmi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən Daşkənd Dövlət Transport Universitetinin elmi işlər üzrə prorektoru, professor Said Şaomarov, son zamanlar Türk dünyasında baş verən birlik, bərabərliklə bağlı həyata keçirilən əməli işlərin tarixən eyni soya, kökə malik xalqlar, dövlətlər arasında gələcək üçün ən vacib addımlardan olduğunu söyləyib.
Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Təşkilatlarla Əməkdaşlıq idarəsinin birinci katibi Babur Taqayev Özbəkistan dövlətinin xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayaraq sözügedən məsələnin dövlət siyasətində prioritet olduğunu qeyd edib.
Türkiyə Cümhuriyyətinin Özbəkistan Respublikasındakı səfirinin təhsil məsələləri üzrə müşaviri Əbubəkir Aydın çıxışında türk xalqlarının tarixi birliyinin müasir türk dövlətləri üçün örnək olmasını, böyük türk ziyalısı, müasir türk birliyi ideologiyasının banisi İsmayıl Qaspıralının da söylədiyi kimi “Dildə, fikirdə, əməldə birlik” tezisinin əsas götürülməsinin vacib olduğunu vurğulayıb.
Daha sonra çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə (onlayn) Türk dövlətləri arasında ən vacib məsələnin məhz ideoloji məsələ olmasını və bunun əsasında digər sahələrdə də birliyin yaradılmasının vacibliyini bildirib.
Tədbirdə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin rəis müavini Əzəmət Toşov çoxmillətli bir dövlət olan Özbəkistanın bütün xalqlara qarşı tolerant münasibət bəslədiyini vurğulayaraq, Özbəkistanda yaşayan türkdilli xalqların bu ölkənin tarixində xüsusi rol oynadığını söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türkdilli dövlətlər arasında əsas maneələrdən birinin ortaq dil məsələsinin olduğunu, təhsil, elmi sahələrdə əlaqələrin daha da yaxşılaşdırılmasının, ali təhsil ocaqlarında qarşılıqlı tələbə, müəllim mübadiləsinin vacibliyini vurğulayıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan elmi, ədəbi-mədəni əlaqələrinin inkişafı istiqamətində bir-çox layihələr həyata keçirdiyini və bununla bağlı əməli işlər gördüyünü bildirib.
Digər çıxış edənlər türk birliyinin vacibliyindən söz açıblar.
Beynəlxalq elmi konfrans panel sessiyalarla davam edib.

Mədəniyyət 2024-04-02 13:57:00