×
A
A
A
Sazlamalar

Azərbaycanda Belarus kinosu günlərinin açılışı olub

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 1-də Nizami Kino Mərkəzində Azərbaycanda Belarus Mədəniyyət Günləri çərçivəsində keçirilən Belarus kinosu günlərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki ölkənin mədəniyyət və ictimai xadimləri iştirak edirdi.
Azərbaycan Respublikasının Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu çıxış edərək kino günlərini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirib. Bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərlərinin təqdimatı aprelin 3-dək azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq. “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb.
Orxan Fikrətoğlunun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi nəzərdə tutulub.
Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verib: “Azərbaycan tamaşaçılarına üçün dörd film gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”,- deyə baş direktor qeyd edib.
Diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq.
Yuri Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.
Qeyd edək ki, aprelin 4-dək Bakıda keçiriləcək mədəniyyət günləri çərçivəsində Belarus kinosu günləri, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisinin nümayişi, Belarus xalq sənətkarlıq nümunələri sərgisi və incəsənət ustalarının ifasında konsert proqramı nəzərdə tutulub.

Mədəniyyət 2024-04-02 10:30:00