×
A
A
A
Sazlamalar

Aslan Kərimov: “Zirə”nin nəticələrində fərqlilik var, “Qəbələ” görmək istəmədiyimiz yerdədir

Bakı, 1 aprel, AZƏRTAC
“Azərbaycan Premyer Liqasında 6-7 komandanın arasındakı xal fərqi azdır və onlar arasında gərgin mübarizə gedir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Aslan Kərimov ölkə çempionatının IV dövrəsinin ilk oyunlarını şərh edərkən deyib.
Mütəxəssis “Neftçi”nin həm ölkə çempionatında, həm də kubokda nəticə əldə edəcəyinin çətin olacağını bildirib: “Hər iki cəbhədə mübarizə aparmaq çətindir. Mövsüm başlamadan öncə heç kəs “Neftçi”nin birinci olacağını gözləmirdi. İndi komandanın əsas hədəfi çempionatı ikinci yerdə başa vurmaqdır. Komanda qışdan sonra tam olaraq buna kökləndi. Hələ ki, bunun öhdəsindən gəlməyi bacarırlar”.
Onun sözlərinə görə, mövsümün sonuna yaxın “Zirə”nin nəticələrində fərqlilik var: “Rəşad Sadıqovun komandası yaxşı mübarizə aparsa da, nəticə qazanmaqda çətinlik çəkirdi. Lakin son turda ikinci yer uğrunda əsas rəqiblərindən biri olan “Sabah”ı səfərdə məğlub etməyi bacardılar. Bu da avrokuboklara vəsiqə üçün amansız mübarizənin gedəcəyini göstərir”.
Aslan Kərimov Premyer Liqanı tərk etməyə əsas namizəd olan komandanın adını da açıqlayıb: “Hazırda liqada qalmaq uğrunda gərgin mübarizə gedir. Təəssüf ki, “Qəbələ” görmək istəmədiyimiz yerdə qərarlaşıb. Bölgə təmsilçisi keçmiş baş məşqçi Elmar Baxşıyevin dönəmində rəqiblərindən çəkinməyərək hücum futbolu oynayırdı. Sadəcə, heyətdəki futbolçular son nöqtəni qoymaqda çətinlik çəkirlər. Komandanın problemi müdafiə və qapı mövqeyindədir. Yeni çalışdırıcı Kaxaber Tsxadadze bir az da olsa arxa zonada dəyişiklik edə bilib. Lakin mövsüm əvvəlində itirilən xallar indi kollektivə problem yaradır. Hazırkı durumda da Premyer Liqanı tərk etməyə əsas namizəddirlər. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”də isə Adil Şükürovun gəlişindən sonra irəliləyiş hiss olunur”.

İdman 2024-04-01 17:14:00