×
A
A
A
Sazlamalar

Rumıniyada Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Buxarest, 31 mart, AZƏRTAC

Azərbaycanın Rumıniyadakı səfirliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “dəyirmi masa” təşkil olunub.
Tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan icmasının nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Əvvəlcə 1918-ci il 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə azərbaycanlıların soyqırımının tarixindən, o cümlədən ermənilərin 1905-1907-ci, 1918-ci illərdə törətdikləri vəhşiliklərdən danışılıb, minlərlə azərbaycanlının öldürüldüyü, on minlərlə insanın evlərindən didərgin düşdüyü bildirilib.
Habelə, ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımlarına Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilməsindən, martın 31-inin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən bəhs olunub. Qeyd edilib ki, 2018-ci il yanvarın 18-də Prezident İlham Əliyev 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.
Sonda Buxarest universitetinin doktorantı Salatın Şamilova və Buxarest universitetinin məzunu Xəlilli İsmayıl soyqırımına dair ətraflı məlumat verib, tələbələrin və iştirakçıların suallarını cavablandırıblar.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Siyasət 2024-03-31 18:27:00