×
A
A
A
Sazlamalar

Erməni vəhşiliyinin tarixi aqibəti – MƏQALƏ

Uzun illər ərzində erməni vəhşiliyinin qurbanı olmuş dinc insanların qisası döyüş meydanında alındı

Bakı, 31 mart, AZƏRTAC
1918-ci il mayın 28-də müstəqilliyin elan edilməsi ərəfəsində Azərbaycanda çox mürəkkəb ictimai və hərbi-siyasi şərait mövcud idi. Bu ağır vəziyyət hər şeydən əvvəl Azərbaycan xalqının müstəqilləşməsinə qənim kəsilmiş bolşevik-daşnak, habelə digər antimilli qüvvələrin kifayət qədər fəallaşması, həmin qüvvələrin qarşıya qoyduqları məqsədlərə çatması üçün ən qanlı vasitələrə əl atması ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, Azərbaycan xalqının mövcudluğuna, onun milli hədəflərinə qənim kəsilmiş olan bu qüvvələr 1918-ci il martın son günlərində Bakı şəhərində, eləcə də əyalətlərdə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı həyata keçirdilər.
Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun 1918-ci ilin Mart soyqırımının hərbi-siyasi aspektləri ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Bolşevik-daşnak qüvvələri Azərbaycanın mövcudluğuna son qoymaq istəyirdi

31 Mart soyqırımını həyata keçirən ifrat bolşevik-daşnak qüvvələrinin qarşısında dayanan başlıca məqsəd Azərbaycanın mövcudluğuna son qoymaq idi. Məqsəd, eyni zamanda, Azərbaycan torpaqlarını azərbaycanlılardan təmizləməklə həmin ərazilərdə erməniləşmə aparmaq, onların istəklərinə uyğun olan dövləti formalaşdırmaq olub. Bu planların aparıcı qüvvələri isə Rusiyanın bolşevik hakimiyyətinin təmsilçisi kimi çıxış edən və əsasını bolşevizm pərdəsi altında gizlənmiş ermənilər, habelə etnik-millətçi mahiyyətlərini gizlətməyən erməni-daşnak qüvvələri idi. Qarşıya qoyulan planların həyata keçməsinə nail olmaq və Azərbaycan xalqının iradəsini təmsil etməyə çalışan milli qüvvələrin məhvini həyata keçirmək üçün antimilli qüvvələrin çox sürətli silahlanması aparılırdı. Bir tərəfdən çar Rusiyası ordusunun qalıqları arasında şovinist təbliğat aparmaqla xeyli sayda hərbçi bolşevik qüvvələri sırasına səfərbər edilib, digər tərəfdən də Bakıdakı qeyri-azərbaycanlı fəhlə kütlələri arasında geniş və şovinist təbliğat aparmaqla fəhlə taborları təşkil edilirdi.
Azərbaycanı qan çanağına çevirməklə onu əsarət altına almaq istəyən bolşevik təmsilçiləri Bakıda qalmış olan hərbi hissələrdə və Xəzər donanmasında bolşevik təbliğatı aparmaqla öz sıralarına xeyli yeni qüvvə cəlb edə bildilər. Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Sovetinin antimilli siyasətinin dəstəklənməsi üçün 1918-ci ilin fevralında Rusiyadan Bakı sovetinin sərəncamına 30 milyon 800 min rubl göndərildi. Bu köməyin nəticəsində 1918-ci ilin martında Bakı sovetinin tabeliyində olan bolşevik silahlı qüvvələri artıq 6 min nəfərə çatdırıldı. Həmin qüvvələrin sərəncamında 2 zirehli qatar, 1 zirehli avtomobil də vardı. Stepan Şaumyanın etirafına görə, onun rəhbərliyi ilə bolşevik hərbi qüvvələrinə 3-4 min nəfərlik daşnak qüvvələri də qoşulmuşdular. Əslində isə onların sayı daha çox idi. Yəni Azərbaycanda genişlənməkdə olan milli azadlıq mübarizəsinin qarşısının alınması üçün Rusiyanın bolşevik hökumətinin birbaşa dəstəyi və müdaxiləsi ilə məqsədyönlü iş aparılırdı. Bu istiqamətdə atılan ilk praktiki addım da məhz Bakıda mart qırğınlarının həyata keçirilməsi oldu. Bakıda qeyri-qanuni yolla hakimiyyətə yiyələnmiş olan Bakı sovetinin lideri, vaxtilə daşnak partiyasının üzvü olmuş S.Şaumyan da bildirirdi ki, “biz əlimizə düşən bəhanədən istifadə etdik və bütün cəbhə boyu hücuma başladıq”.

Mart qırğınlarının başlaması üçün erməni-daşnak qüvvələrinin bəhanəsi

Mart qırğınlarının başlaması üçün bolşeviklərin və erməni-daşnak qüvvələrinin əl atdığı bəhanə milli hərbi qüvvələrlə bağlı idi. Belə ki, Lənkəranda dislokasiya olunmuş müsəlman atlı divizionunun pulemyot taqımının könüllüsü, faciəli şəkildə həlak olmuş Məhəmməd Tağıyevin (Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin oğlu) nəşini Bakıya gətirmiş Evelina gəmisinin sərbəst şəkildə Bakıya daxil olması və sonra da şəhəri tərk etmək cəhdi bolşevik-daşnak qüvvələrinin sonsuz qəzəbi ilə qarşılandı. Milli hərbi qüvvələrin təmsilçisi kimi Evelina gəmisinin tərksilah edilməsi cəhdi Bakıda bütünlükdə milli qırğınların başlanmasına bir işarə oldu.
Məlumdur ki, bolşevik və erməni-daşnak qüvvələri bütün gücünü səfərbər etməklə martın son günlərində Bakıda çox böyük qırğınlar təşkil etdilər. Martın 30-da axşamdan xeyli keçmiş bütün şəhər qaynar qazana çevrildi. Bakı Sovetinin silahlı dəstələri və erməni silahlıları “İsmailiyyə”ni və İçərişəhəri mühasirəyə alaraq oradakı özlərini müdafiə etməyə çalışan şəhər sakinlərini susdurmağa başladılar. Bu dəstələrdən biri Dənizkənarı Bulvar boyunca mövqelər tutaraq İçərişəhəri hədəfə aldı.
Başqa bir çevik dəstə isə öz yerdəyişmələri ilə İçərişəhərdə mövqe tutmuş Azərbaycan qüvvələrinin diqqətini özünə cəlb etməklə “İsmailiyyə” və Qoşa Qala qapısı yaxınlığında vuruşan qvardiyaçıların işini yüngülləşdirməli idi. Burada isə “Metropol” mehmanxanasının (indiki Nizami adına Ədəbiyyat Muzeyinin) damında və onunla Qoşa Qala darvazaları arasındakı binanın damında ermənilərin pulemyotları qurulmuşdu. Bu pulemyotlar “İsmailiyyə” binasını və İçərişəhərdə olan atəş mövqelərini hədəfə almışdılar.

Erməni-daşnak silahlıları şəhərin müsəlman əhalisini ən amansız şəkildə qırıb-çatmaqda davam edirdi. Onlar kimsəyə rəhm etmir, qaçan qocaları, qadınları və uşaqları da güllələyirdilər. Bu adamlar məhəllə-məhəllə gəzib həm evləri, həm də idarələrin əşyalarını talan edir, qarşılarına çıxanları süngüdən keçirirdilər. Erməni cəlladları, hətta bolşevik olan azərbaycanlılara da rəhm etmirdilər. Bildirirdilər ki, kimliyindən asılı olmayaraq, hansı əqidəyə və partiyaya məxsus olmasına baxmayaraq, azərbaycanlı olan hər kəs məhv edilməlidir. Onlar İrandan gəlmiş fars tacirlərini də müsəlman olduğu üçün öldürürdülər. Bir neçə gün ərzində şəhərin azərbaycanlılar yaşayan hissəsini viranəyə çevirib əhaliyə sonsuz divan tutan erməni-daşnak dəstələrinə Stepan Lalayev, Xristofor Dildarov, Dövlətov, Ambarum Melikov və sair kimi insani keyfiyyətlərini itirmiş cəlladlar rəhbərlik edirdilər. Əllərinə düşmüş fürsətdən ifrat bolşevik və daşnak ünsürləri elə məharətlə istifadə etdilər ki, “nail olduqları nəticələrə” özləri də sevinclərini gizlədə bilmirdilər. S.Şaumyan fəxrlə bildirirdi ki, “əldə olunmuş qələbə” o qədər böyükdür ki, baş verənləri də kölgədə qoyur. Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda isə S.Şaumyan erməni-daşnak qüvvələrinin Bakıda sonsuz qırğın törətdiyinə münasibət bildirmişdi.

Bir neçə gün ərzində Bakıda minlərlə azərbaycanlı öldürüldü

Bir neçə gün ərzində Bakıda minlərlə azərbaycanlı öldürüldü. Bu qırğınlar insan zəkasına sığa bilməyəcək vəhşiliklə həyata keçirildi. İnsanların diri-diri divara mıxlanması, onları oda atılması, qadınlara və uşaqlara rəhm edilməməsi Bakı küçələrini qana boyadı. Bundan əlavə, şəhər əhalisinin 400 milyon daş-qaş əmlakı oğurlanmışdı, xeyli sayda ictimai və şəxsi binalar dağıdılıb yandırılmışdı.

Həyata keçirilən həmin qırğınlardan sonra S.Şaumyan və onun ətrafına toplaşmış olan ermənilər Bakıda bolşevik-daşnak diktaturası qurmaqla şəriksiz hakimiyyətə sahib oldular. Bununla da bolşeviklər və daşnaklar tərəfindən qarşıya qoyulmuş ilkin vəzifə yerinə yetirilmiş oldu. Amma onlar bununla da kifayətlənmirdilər və daha böyük iddialar irəli sürürdülər – Azərbaycanın milli qüvvələrini tamamilə məhv etmək və sonra da bolşevik-daşnak hakimiyyətini bütün Azərbaycan ərazisinə yaymaq. Bakı qırğınlarından dərhal sonra həmin iddiaların həyata keçirilməsi üçün əməli addımlar atıldı. Əldə edilmiş münasib fürsətdən istifadə edərək bolşevik-daşnak silahlıları Şamaxıda və Quba qəzasında minlərlə azərbaycanlını qətlə yetirdilər. Bu kütləvi qırğınlar Qarabağda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər qəzalarında da davam etdirildi.

Qisas alındı!

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi erməni-daşnak qüvvələrinin həyata keçirdiyi qırğınları bir qədər səngitsə də, erməniliyin Azərbaycan türklüyünə qarşı olan ifrat düşmənçiliyi aradan qalxmadı. Sovet dövlətinin dağılmasından sonra bu düşmənçiliyin daha dəhşətli səhifəsi açıldı. Cəzasızlıqdan ruhlanan erməni-millətçi-daşnak qüvvələri həm Ermənistan ərazisində, həm də Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış azərbaycanlı əhaliyə qarşı kütləvi vəhşiliklər və qırğınlar həyata keçirdilər. Xocalıda, Malıbəylidə, Ağdabanda və digər ərazilərdə törədilən vəhşiliklər, əslində, 1918-ci ilin martında baş vermiş qırğınların erməniliyin yeni nəsilləri tərəfindən həyata keçirilmiş soyqırımının davamı idi.
Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı vahid yumruğa çevrilərək şər və təcavüz yuvasını məhv etdi. Xalqımıza faciələr yaşatmış erməni terrorçuluğuna, təcavüzkarlığına və separatçılığına döyüş meydanlarında ölümcül zərbə vuruldu. Uzun illər ərzində erməni vəhşiliyinin qurbanı olmuş dinc insanların qisası döyüş meydanında alındı.

Cəmiyyət 2024-03-31 10:00:00