×
A
A
A
Sazlamalar

Zaqatalada soyqırımı qurbanlarının xatirəsi anılıb

Zaqatala, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC

Erməni millətçilərinin və onların havadarlarının iki əsrdən çoxdur ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Erməni qəsbkarlarının həyata keçirdikləri terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük Türk dünyasının deyil, bütün bəşəriyyətin başının üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 30-da Zaqatala şəhərində keçirilən toplantıda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidovun “31 Mart – Azərbaycanlıların soyqırımı: tariximizin qanlı salnaməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə geniş məlumat verilib. Bildirilib ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti ötən əsrin sonlarında da məqsədyönlü şəkildə davam etdirilib, xalqımız 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.
Diqqətə çatdırılıb ki, ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməyib. Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya bəyan etmək və hüquqi-siyasi qiymət vermək mümkün olub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.
Qeyd olunub ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən müharibədə əzəli Qarabağ torpaqlarımızın birdəfəlik erməni faşizmindən azad edilməsinə nail olub. Bu şanlı Qələbə sayəsində soyqırımı qurbanlarının da qanı yerdə qalmayıb, onların qisası döyüş meydanlarında alınıb.
Toplantıda çıxış edənlər erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.

Regionlar 2024-03-30 13:58:00