×
A
A
A
Sazlamalar

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

Bakı, 29 mart, AZƏRTAC

İntellekt Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc Eko-səfirlər” layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində ölkənin cənub bölgəsində yaşayan 21 fəal gəncə ətraf mühitin qorunması, alternativ enerji mənbələri və könüllülük kimi mövzularda üç günlük əhatəli təlim keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, təlimin yekununda iştirakçılar Lənkəran rayonunun Xanbulan ərazisində praktiki olaraq ərazinin təmizlənməsində könüllü kimi çalışaraq öyrəndiklərini tətbiq etmək imkanı əldə ediblər.
Bənzər layihələr gənclərin ətraf mühitlə bağlı məlumatlılığını artırmaqla bərabər onlarda ekoloji şüurun və məsuliyyətin formalaşmasına mühüm töhfə verir. İştirakçılar təbiətin qorunmasının vacibliyi ilə yanaşı, bu işdə hər kəsin, o cümlədən gənclərin üzərinə düşən vəzifələri dərk edir, ekoloji problemlərin həllində könüllülüyün rolunu başa düşür və gələcəkdə bu istiqamətdə fəaliyyətlərini davam etdirmək üçün lazımi bilik və bacarıqlar əldə edirlər. “Gənc Eko-səfirlər” layihəsi bölgədə daha çox gəncin ətraf mühitin qorunmasına marağını artıracaq və onların bu istiqamətdə səylərini birləşdirəcək.
Son zamanlarda ətraf mühitin mühafizəsi bəşəriyyətin qarşısında duran ən vacib problemlərdən birinə çevrilib. Ekoloji tarazlığın pozulması, biomüxtəlifliyin azalması, qlobal istiləşmə və iqlim dəyişikliyi kimi problemlər planetimizin gələcəyi üçün ciddi təhlükə yaradır. BMT-nin məlumatına görə, son 50 ildə dünya əhalisinin sayı 2 dəfə, iqtisadi istehsal 4 dəfə, yanacaq istehlakı 3 dəfə artıb. Nəticədə hər il 8 milyon hektar meşə sahəsi məhv edilir, 12 milyon hektar torpaq səhralaşır, minlərlə bitki və heyvan növü məhvolma təhlükəsi ilə üz-üzə qalıb. Elmi proqnozlara görə, əgər bu tendensiya davam etsə, 2050-ci ilə qədər yer üzündə yaşayan canlıların 30-50 faizi məhv ola, okeanlardakı plastik tullantıların miqdarı balıqların sayını üstələyə bilər. Bütün bunlar bir daha ətraf mühitin qorunmasının cəmiyyət və insanlıq üçün nə qədər vacib olduğunu göstərir.
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Cəmiyyət 2024-03-29 16:50:00