×
A
A
A
Sazlamalar

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakı, 29 mart, AZƏRTAC

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” yutub platforması yaradılıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, genişmiqyaslı layihə türk xalqlarının milli-mədəni sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir.
Layihənin rəhbəri tanınmış qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanın komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır.
“Turk Discovery” layihəsinin ilk buraxılışı “Novruz – qədim türk bayramının dirçəlişi” sənədli filmidir. (Filmə “Turk Discovery” layihəsinin rəsmi YouTube kanalında https://youtu.be/XhtnEcaG4hA?si=LsKqnUKY5A_5Tlw5 linkindən baxmaq olar).
Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir Türk dövlətlərinin Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin məqsədi türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir.
Layihəni reallaşdıran komanda hazırda Mahmud Kaşqarinin türk ləhcələrinin toplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edən sənədli film hazırlanır.

Mədəniyyət 2024-03-29 16:12:00