×
A
A
A
Sazlamalar

Vəfalıyam, etmə vəfasız məni...

Əməkdar incəsənət xadimi Ayaz Vəfalı ömrünün yeni yaşına qədəm qoyur

Bakı, 29 mart, Süleyman Qaradağlı, AZƏRTAC

Dünyaya nə vaxt gəlmək heç kəsin öz əlində deyil və bəlkə də, bu, heç nəyi həll etmir. Elədirsə, bəs niyə zamanla, illə, günlə, hətta bürclərlə uyğunluğu olanlar arasında əlaqə axtarılır.Əlbəttə, bu, daha çox astroloqların, numeroloqların, psixoloqların və buna oxşar sahə ilə məşğul olanların işidir.
Ancaq onu qəti şəkildə demək olar ki, Ayaz Vəfalının aprelin 1-də dünyaya gəlməsi ilə onun zarafatcıl olmaması arasında da heç bir qeyri-adilik yoxdur. Hamı onu kifayət qədər ciddi, sözübütöv və öz sözünün sahibi olan adam kimi tanıyır.
Ayaz Vəfalı gülüş günündə dünyaya gəlsə də, onun ciddi və məsuliyyətli olması, bəlkə də, taleyin onun üzünə gülməməsi ilə əlaqədardır. O, gözünü bu dünyaya açandan taleyin ən çətin sınaqlarına tuş gəlib. Tarixə baş vursaq, zaman karvanı bizi ötən əsrin 30-cu illərinə aparıb çıxarar. Onun dünyaya gəlişi çox ağır illərə təsadüf edib. Sovet hökumətinin hər şeydən xoflandığı, hamıya “xalq düşməni” kimi baxdığı tuthatut vaxtında doğulub. 4 yaşı olanda zamanın ağır zərbəsinə tuş gəlib. Atası Rza həyat yoldaşı Atlazı, 7 yaşlı Əzizəni, 4 yaşlı Ayazı, hələ qundaqda olan balaca Aydını Atlaz ananın dayısı Dünyamalı kişiyə tapşıraraq müharibəyə gedib. O, atasız qalıb. Sonralar həmin hadisəni “4 yaşında fikir çəkdim” poemasında çox təsirli şəkildə qələmə alıb. Atası Rza 1942-ci ildə Krım müharibəsində itkin düşüb. Sonradan sorağı Almaniyadan, daha sonra Türkiyədən gəlib. İkinci Dünya müharibəsindən sonra isə azərbaycanlılara Türkiyədə sığınacaq verilirdi. Məhəmməd Əmin Rəsulzadənin yaratdığı “Türkiyə-Azərbaycan” Cəmiyyəti 1947-ci ildə azərbaycanlıların Türkiyəyə getməsini təmin etmişdi. Ayazın atası Rza Cəfərov Türkiyənin Sakarya şəhərinin Adapazarı rayonunda məskunlaşaraq ömrünün axırına kimi orada yaşayıb.
Sonralar Ayaz Vəfalı Azərbaycanın ovaxtkı görkəmli ziyalıları – Abbas Zamanovun, Qasım Qasımzadənin, Rəsul Rzanın vasitəçiliyi ilə qardaş Türkiyə torpağında olan atası ilə məktublaşıb, hətta öz kitabını belə ona göndərə bilib. Uzun illər sinəsində ata həsrəti qövr edə-edə yaşayıb. Nəhayət, uzun ayrılıqdan sonra tale ata və oğulun görüşməsini onlara qismət edib. Və bu onun həyatında ən böyük möcüzə olub.
Təbii ki, hər şeyə mikroskopla baxıldığı həmin illərdə belə bir ailənin övladı olmaq, kimsənin köməyi olmadan inkişaf etmək, özünü təsdiqləmək asan deyildi. Ayaz müəllim orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub.
Ayaz Vəfalı ədəbiyyata şair kimi gəlib. “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik”, “Özü oda yana-yana” şeirlər kitabının müəllifidir. Füzuli poeziyası, onun bədii, estetik, fəlsəfi fikirləri Ayaz müəllimin yaradıcılığında əsas yerlərdən birini tutub. Alimin “Füzuli və folklor” namizədlik dissertasiyası ona Azərbaycanda və İraqda şan-şöhrət gətirib. Tədqiqatçı alimin “Füzuli öyrədir” və “Füzuli xəlqiliyi” kitabları da çox böyük maraqla qarşılanıb. Onun sənətkar mövqeyini ifadə edən “Yarım əsrlik yol” kitabında məqalələri, şeir və poemaları, tərcümələri toplanıb. Ayaz Vəfalı bütün bunlardan əlavə, həm də dünya xalqlarının hikmət xəzinəsindən seçmə nümunələri içərisinə alan “Atalar sözü - ağlın gözü” kitabının müəllifidir ki, bu nəşr latın, kiril və ərəb əlifbaları ilə oxuculara təqdim olunub.
Onun tərcüməçi kimi fəaliyyəti də diqqətəlayiqdir. Özbək şairi Əlişir Nəvaidən etdiyi tərcümələr, xüsusən də şairin “Leyli və Məcnun” poemasının tərcüməsi, Ukrayna şairi Taras Şevçenkonun “Kor qadın” poemasını, rus yazıçısı Aleksandr Çakovskinin “Qələbə” romanını (I kitab), Lesla Ukrainka, Konstantin Simonov və başqalarının əsərlərini dilimizə çevirməsi orijinala sədaqəti, elmi-bədii çəkisi ilə seçilir.
Qeyd etmək gərəkdir ki, Ayaz Vəfalının əmək kitabçasında cəmi bir ünvan var: o, 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində sıravi işçi kimi əmək fəaliyyətinə başlayıb, sonralar şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyib, 1996-cı ildən 2014-cü ilədək qəzetin baş redaktoru olub. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Ayaz Vəfalının taleyinə 54 il bir ünvanda işləmək, bir redaksiyada çalışmaq düşüb. Pensiyaya da elə həmin iş yerindən çıxıb.
Onu yaxından tanıyanlar Ayaz müəllimin əqidəsinə sadiq, dostluqda vəfalı bir insan olduğunu qeyd edirlər. Gənclik illərindən özünə “Vəfalı” təxəllüsünü götürməsi də təsadüfi deyil. 60 ildən çoxdur ki, o, şair, ədəbiyyatşünas və tərcüməçi kimi bu təxəllüsü daşıyır. İndi isə bu kəlmənin onun təxəllüs və ya soyadı olduğunu seçmək olmur. Şeirlərinin birində

Mərdi qova-qova namərd ediblər -
Vəfalıyam, etmə vəfasız məni

- deyən Ayaz müəllim həmişə etibarlı, vəfalı, sədaqətli olub. İstər ədəbiyyata, istərsə də dostlara qarşı...

Ayaz Vəfalı gənclik illərinin prinsipinə, eləcə də seçdiyi ədəbi təxəllüsə bu gün də sadiqdir...

Mədəniyyət 2024-03-29 16:05:00