×
A
A
A
Sazlamalar

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

Bakı, 29 mart, AZƏRTAC

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə (NMM) mərkəzindən hərəkət edəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
“Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu qurulub. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb. Dayanacaqda marşrut sxemi və lövhələr yerləşdirilib. İşıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində işıqfor quraşdırılıb. Yeni NMM sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azalmasına da töhfə verəcək”, - deyə məlumatda qeyd olunur.

İqtisadiyyat 2024-03-29 15:48:00