×
A
A
A
Sazlamalar

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Bakı, 28 mart, Anara Axundova, AZƏRTAC

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında aprelin 27-dən mayın 3-dək ölkəmizdə keçiriləcək birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları üçün məşq təşkil olunub. Festivalda 4-14 yaş arası ən gənc ifaçılar iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Fidan Hacıyeva Vokal Musiqi Məktəbində və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Mezzo” qadın kamera orkestrinin (konsertmeyster Kübra Rzayeva) müşayiəti ilə gənc istedadların konserti keçiriləcək.
Tədbirdə Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin, Bülbül adına Vokal Məktəbinin, Aybəniz Haşımovanın İncəsənət Akademiyasının və şəhərin digər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Beynəlxalq Məktəbinin (TISA) uşaq xoru, “Big Ben Kids Aсademy” uşaq xoru iştirak edəcəklər.
Festivalın keçirilməsi təşəbbüsü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın Xalq artisti, pedaqoq Fidan Hacıyevaya məxsusdur. Onun sözlərinə görə, Azərbaycan və xarici bəstəkarların əsərlərinin daxil edildiyi canlı proqram hazırlanıb. Gənc ifaçılar həm xorun tərkibində, həm də solo ifaçısı kimi səhnəyə çıxacaqlar.
“Bunlar çox bacarıqlı uşaqlardır. Onların arasında musiqi ilə ciddi məşğul olmağa davam edənlər var, mən bunu bilirəm. Həmçinin musiqini hobbi kimi ifa edənlər də mövcuddur. Amma bu festivalda iştirak edən hər kəs çox istedadlıdır. Biz yaxşıların ən yaxşısını seçdik”, - deyə Fidan Hacıyeva bildirib.
Xalq artistinin sözlərinə görə, bu cür tədbirlərin uşaqlar üçün böyük əhəmiyyəti var. “Məqsədimiz uşaqların mədəniyyətlə ünsiyyətini təmin etməkdir. Bu, həm də uşaqlar üçün stimuldur - belə gənc yaşda onların artıq orkestrlə oxumaları, peşəkar səhnədə, Rəşid Behbudov adına Mahnı Teatrında, ciddi tamaşaçıların qarşısında çıxış etmələri əlamətdardır. Festival sayəsində onlar daha çox səy göstərməyə və daha yaxşı məşq etməyə başladılar. Bunlar sonradan onlar üçün bir xoş xatirə olacaq!” – deyə vokalçı əlavə edib.
Gənc vokalçıların özlərinin dediyi kimi, bu qəbildən olan tədbirdə iştirak etmək onlar üçün çox ciddi və məsuliyyətli hadisədir. Uşaqlar narahat olduqlarını etiraf edirlər, lakin festivalın iştirakçısı olmaqdan şaddırlar və öz ölkələrini təmsil etməyin onlar üçün şərəf olduğunu deyirlər. Bu ifaçıların əksəriyyəti bir neçə ildir ki, vokal üzrə təhsil alırlar və artıq şəhərin müxtəlif məkanlarında çıxış etməyi bacarıblar. Amma bəziləri üçün festivalda iştirak onların böyük səhnədə ilk çıxışı və orkestrlə işləmək üzrə birinci təcrübəsi olacaq. Bu, onlar üçün güclərini sınamaq və beynəlxalq auditoriya qarşısında özlərini göstərmək üçün böyük şansdır.
Xormeyster Fatimə Rəfəllinin sözlərinə görə, festival sayəsində uşaqlar akademik xanəndəlik dünyası ilə daha yaxından tanış ola biləcəklər. “Mən bu festivalın təşkilinə və xor kollektivini bu festivala cəlb etdiyinə görə Fidan xanıma minnətdarlığımı bildirmək istəyirəm. Bu, uşaqlar üçün böyük fürsətdir və onlar üçün çox maraqlıdır. Bəli, ifa edəcəkləri əsərlər yaşlarına görə bir az çətin olsa da, bunun öhdəsindən gələ bilərik, çünki çoxdan hazırlaşmağa başlamışıq və çox çalışırıq”, - deyə xormeyster qeyd edib.
Konsertmeyster Günel Rəhimovanın sözlərinə görə, festivalda iştirak uşaqlar üçün özlərini göstərmək və tanıtmaq imkanıdır. “Belə bir festival Azərbaycanda ilk dəfə və Fidan Hacıyevanın sayəsində keçirilir. Ölkəmizdə çox istedadlı uşaqlar var. Bütün dünya onların haqqında məlumatlı olmalıdır. Bu, uşaqlar üçün məmnuniyyət mənbəyidir. Təbii ki, hazırlıq zamanı çətinliklər olur, amma biz onların öhdəsindən gəlirik. Hazırlıq işləri tam sürətlə gedir. Demək olar ki, hər gün məşğələ keçiririk və məşq edirik. Festivalda iştirak edən uşaqların çıxış etməyə böyük həvəsi var və bu, çox vacibdir”, - deyə Günel Rəhimova vurğulayıb.
Gənc artistlər festivalda çıxış edəcəklərinə ürəkdən sevinirlər. Öz növbəsində, “Big Ben Kids Academy” xorunun direktoru Mehriban Axundova deyir. “Uşaqlar çox çalışdılar. Biz onlarla fəxr edirik. Gənc istedadların bu tədbir vasitəsilə böyüməsini səbirsizliklə gözləyirəm. Axı bu, onlar üçün inkişaf imkanıdır. Ən əsası, uşaqların musiqi ilə ünsiyyətini təmin etməkdir. Kim bilir, bəlkə də gələcəkdə artist olacaqlar. Mən festivalın onlara göstərəcəyi effekti səbirsizliklə gözləyirəm”, – deyə xor rəhbəri əlavə edib.

Mədəniyyət 2024-03-28 16:59:00