×
A
A
A
Sazlamalar

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Tibb Universiteti ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı növbəti nailiyyəti əldə edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq üç tədris proqramını beynəlxalq akkreditasiyadan keçirən ATU bu dəfə milli səviyyədə institusional akkreditasiyadan uğurla keçib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib. Bundan əlavə, ATU-nun müalicə işi, stomatologiya və əczaçılıq ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsinin nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.
Bu gün keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) institusional akkreditasiyaya dair şəhadətnaməsi universitet rəhbərliyinə təqdim olunub. Mərasimdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli akkreditasiya prosesinin yüksək səviyyədə təşkili ilə bağlı tərəfdaş quruma təşəkkürünü bildirib. Bu cür proseslər zamanı ortaya çıxan yeni yanaşmaların istənilən müəssisənin inkişafına yeni təkan verdiyini qeyd edib: “Akkreditasiya prosesi nəticəsində irəli sürülən tövsiyələrin hamısı bizim üçün çox əhəmiyyətli olmaqla yanaşı, ümumilikdə ATU-nun inkişafı üçün yeni istiqamət təşkil edir. Biz, eyni zamanda, qlobal təhsilin müsbət keyfiyyətlərinin milli təhsilə inteqrasiyasına ciddi önəm verməliyik. Bu baxımdan, beynəlxalq akkreditasiya nəticələrinin təsdiqlənməsi də ATU təmsilçiləri olaraq bizim üçün yeni məsuliyyət yaradır”.
G.Gəraybəyli ATU-nun qarşısında daha böyük hədəflərin olduğunu, üç proqramdan savayı, digər ixtisasların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün işlərin aparılacağını bildirib. Bu proseslərin həm ATU, həm tibb təhsili, həm də ümumilikdə təhsilin inkişafına töhfə verəcəyindən əminliyini vurğulayıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov proses zamanı ATU ilə faydalı əməkdaşlığın yarandığını bildirib: “İnstitusional akkreditasiyanın əldə olunması, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən proqram akkreditasiyasının nəticələrini tanınması universitetin bir çox aspektlərdən özünün mövcud mövqeyini və gələcək missiyasını ortaya qoymaqda faydalıdır”.
T.Əhmədov akkreditasiyanın əsasən ali təhsil müəssisələrinə dəstək məqsədilə keçirildiyini, həmin prosesin müəssisələrin fəaliyyətinin diaqnostik baxımdan dəyərləndirilməsinə, müsbət təcrübənin təqdir olunması, təkmilləşdirməyə ehtiyacı olan hissələrin qabardılmasına yardımçı olduğunu qeyd edib.
Mərasimdə ATU-nun rəhbər şəxsləri, prorektorları, dekanları və TKTA-nın nümayəndə heyəti iştirak edirdi.
Xatırladaq ki, 2023-cü ildə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR - Independent Agency For Accreditation and Ratıng) tərəfindən Azərbaycan Tibb Universitetinin müalicə işi, əczaçılıq və stomatologiya ixtisaslarının beşilliyinə akkreditasiyadan keçirilməsinə dair qərar verib.

Cəmiyyət 2024-03-28 15:47:00