×
A
A
A
Sazlamalar

Leninoqorsk azərbaycanlıları Novruz bayramını qeyd ediblər

Bakı, 28 mart, AZƏRTAC

Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin Mədəniyyət Sarayında ən qədim bayramlardan biri, bahar və təbiətin yenilənməsi rəmzi olan Novruz bayramı qeyd olunub.
“Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Leninoqorsk rayonunun rəhbəri Ryaqat Xusainov tədbirin qonaqlarını təbrik edib. O, bu bayramın bütün millətlərin nümayəndələrini birləşdirdiyini söyləyib, iştirakçılara cansağlığı, xoş əhvali-ruhiyyə arzulayıb.
Konsert proqramı incəsənət ustalarının, Mədəniyyət Sarayının yaradıcı qruplarının və Leninoqorsk vilayətində yaşayan milli diasporların iştirakı ilə tərtib olunub.
Leninoqorsk şəhəri və Leninoqorsk vilayətinin Azərbaycan Milli Mədəni Muxtariyyətinin “Birlik” yerli ictimai təşkilatının gənc nümayəndələri Novruza həsr olunmuş mahnılar, rəqslər və şeirlər, maraqlı tamaşalar təqdim ediblər.
Leninoqorsk vilayətinin Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədovun dəvəti ilə bayramın xüsusi qonaqları azərbaycanlı müğənni, beynəlxalq müsabiqələr laureatı Asif Bakinski və “Qarabağ” xoreoqrafik ansamblı olublar.
Foyedə milli kulinariya, bədii sənətkarlıq, xalq məmulatları sərgisi də təşkil olunub. Leninoqorsk şəhərinin və Leninoqorsk vilayətinin Azərbaycan diasporunun nümayəndələri tərəfindən hazırlanmış stenddə Azərbaycanın mədəni irsindən nümunələr, milli musiqi alətləri və kitablar, o cümlədən Novruz bayramının ənənəvi simvolları olan səməni və xonça ilə şirniyyatlar nümayiş etdirilib.

Cəmiyyət 2024-03-28 14:05:00