×
A
A
A
Sazlamalar

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Bakı, 28 mart, AZƏRTAC

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ağır vəziyyətdə olan körpə çatdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, körpəyə ətraflı müayinə zamanı yenidoğulmuşların bağırsaq çöpləri tərəfindən törədilən sepsis, sidik yollarının neonatal infeksiyası, dəqiqləşdirilməmiş anemiya və yenidoğulmuşlarda hipoksik ensefalopatiya diaqnozları qoyulub.
Müalicə müəssisəsinə daxil olarkən vəziyyəti preaqonal, ümumi intoksikasiya və ürək-damar, tənəffüs çatışmazlığı ön planda olub.
Həkim-reanimatoloq Xalidə Mustafayeva tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və Yenidoğulmuşların patologiya şöbəsinə köçürülüb.
Şöbədə həkim-pediatr Nigar Cəfərovanın apardığı müalicə, tibb bacılarının körpəyə qulluğu nəticəsində onun vəziyyəti yaxşılaşıb və sağalaraq evə yazılıb.
Körpənin valideynləri Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun kollektivinə və müalicə aparan həkimlərinə təşəkkürlərini bildiriblər.

Cəmiyyət 2024-03-28 10:14:00