×
A
A
A
Sazlamalar

“Qəbələ”nin gürcüstanlı baş məşqçisi: Otuz ildir bu tarixi günü gözləyirdik

Bakı, 27 mart, AZƏRTAC

"Yunanıstanla oyun Gürcüstanın futbol tarixinə yazıldı".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze ölkəsinin milli komandasının UEFA Millətlər Liqasının pley-off mərhələsinin finalında penaltilər seriyasında Yunanıstana 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis nəticəyə görə xoşbəxt olduğunu bildirib: "İnanılmaz matç oldu. Milli komandamızla qürur duyuram. Otuz ildir bu günü gözləyirdik. Bütün futbolçular adlarını Gürcüstan futbol tarixinə yazdırmağı bacardılar. Hər şeyə görə onlara təşəkkür edirəm".
Vaxtilə Gürcüstan millisinin baş məşqçi postunda çalışmış K.Sxadadze sabiq komandasının Almaniyada keçiriləcək Avropa çempionatındakı şanslarından da söz açıb: "Qrupda Türkiyə, Portuqaliya və Çexiya kimi komandalar var. Ancaq biz bunu problem hesab etmirik. Öz oyunumuzu nümayiş etdirmək istəyirik. Əlimizdən gələni etməyə çalışacağıq. Gürcüstanın adını daim zirvələrə qaldırmaq niyyətindəyik".
Qeyd edək ki, Gürcüstan millisi Avropa çempionatında ilk oyununu iyunun 18-də Türkiyə yığmasına qarşı keçirəcək.

İdman 2024-03-27 10:55:00