×
A
A
A
Sazlamalar

Aktotı Raimkulova Türk dövlətlərinin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb

Bakı, 20 mart, AZƏRTAC

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya səfəri çərçivəsində türk dövlətlərinin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk dövlət və xalqlarının mədəni irsinin qorunması, beynəlxalq miqyasda tanıdılması yönündə fəaliyyətindən söz açılıb. Ötən il noyabrın 3-də Türk Dövlətləri Təşkilatının Astana Zirvəsində türk dövlətləri başçıları tərəfindən qəbul olunan “Türk Əsri” (TurkTime) strateji inkişaf proqramı çərçivəsində Fondun cari və növbəti il üzrə həyata keçirilməsi planlaşdırılan layihələrindən bəhs olunub. UNESCO-nun dünyada mədəni irsin və mədəni müxtəlifliyin qorunmasında mühüm rolu vurğulanıb. Tərtib edilmiş, müstəsna universal dəyərə malik obyektləri ehtiva edən Ümumdünya İrs Siyahısının önəminə diqqət çəkilib. Fondun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün transmilli nominasiyaların hazırlanmasına hazır olduğu bildirilib. Eyni zamanda, UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (International Memory of World Register) türk dövlətlərinin nominasiyalarının təqdim olunması istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələrlə əməkdaşlığa hazır olduğu vurğulanıb.
Tədbirdə Türk dünyasının ilk ensiklopedik əsəri hesab edilən “Divani Lüğət-it-Türk”ün 950 illiyi münasibətilə Fond tərəfindən nəşr layihəsinin gerçəkləşdirilməsinin, eləcə də kitabın təqdimatının UNESCO-nun baş qərargahında həyata keçirilməsinin planlaşdırılmasından söz açılıb. Türk mədəni irsinin beynəlxalq miqyasda daha geniş yayılması yönündə Fondun Türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəlikləri ilə birgə gələcək əməkdaşlığına dair müzakirələrlə davam edib.
Görüşdə Aktotı Raimkulova, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Askar Abdrahmanov, Qırğızıstanın Fransadakı səfiri, Qırğız Respublikasının UNESCO yanında daimi nümayəndəsi Sadık Şer-Niyaz, Türkiyə Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Gülnur Aybet, Özbəkistan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Kamol Muxtarov, Türkmənistanın Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Maksat Çariyev də iştirak ediblər.

Mədəniyyət 2024-03-20 23:25:00