×
A
A
A
Sazlamalar

Şirvanda saxlanılan narkokuryerdən 7 kiloqram heroin götürülüb

Bakı, 20 mart, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkokuryerlik edən şəhər sakini Xaliq Mirzəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan 7 kiloqramdan artıq heroin aşkar edilib. X.Mirzəliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.
Bundan başqa, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, xuliqanlıq və digər cinayətlər əməllərini törədən ümumilikdə 27 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 10 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.
Qeyd edilən dövr ərzində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, oğurluq 1 və xuliqanlıq edən 2 şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Cəmiyyət 2024-03-20 13:24:00