×
A
A
A
Sazlamalar

Tbilisidə İlaxır çərşənbə ilə əlaqədar konsert təşkil olunub

Tbilisi, 19 mart, AZƏRTAC

Martın 19-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin həyətində, açıq havada İlaxır çərşənbə ilə əlaqədar konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, A.M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin əməkdaşları, paytaxt Tbilisinin sakinləri, qonaqlar iştirak ediblər.
Novruz tonqalı alovlandırılıb, Kosa və Keçəl maraqlı çıxışlar ediblər.
Sonra Bakının Abşeron rayonunun Xırdalan şəhər 11 saylı və Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı Musiqi məktəblərinin kollektivləri maraqlı konsert proqramı ilə çıxış edib, Azərbaycan və gürcü xalq və bəstəkar mahnı və rəqslərini ifa ediblər. Şəhər sakinləri musiqi kollektivlərinə minnətdarlıq ediblər.
Paytaxt sakini Teona Zuradze deyib: “Musiqinin dili yoxdur deyiblər. Mən Azərbaycan dilini bilməsəm də, mahnılarını həvəslə dinləyirəm. Əvvəllər Zeynəb Xanlarova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Polad Bülbüloğlu və başqalarının mahnılarını dinləyirdim. Hətta sözlərini deyə bilməsəm də, özüm üçün zümzümə edirdim. Bu gün Novruz bayramına həsr olunmuş bu konsertdə yenidən Azərbaycan musiqilərini dinlədim. Hətta uşaqlarla birlikdə “Yallı” rəqsini də oynadım. Mən də Azərbaycanlı dostlarımı Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz həqiqətən də bərabərlik, sülh və firavanlıq bayramıdır. Novruz bayramınız mübarək!”.
Şəhər sakini Elmira Hüseynova da təşkilatçılara və musiqi kollektivlərinə minnətdarlıq edib. O deyib: “Bu gün Tbilisidə açıq havada İlaxır çərşənbənin belə qeyd edilməsi azərbaycanlıların ürəyincə oldu. Gözəl musiqi dinlədik, uşaqlarımız da rəqs etdilər. Bu sevinci sözlə ifadə etmək çətindir. Novruz bayramınız mübarək olsun”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2024-03-19 23:47:00