×
A
A
A
Sazlamalar

Pomidor istehsalçıları ilə görüş keçirilib

Bakı, 19 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə ölkədə pomidor istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Tədbirdə agentliyin Aparat rəhbəri Elxan Mikayılov respublikada təhlükəsiz və beynəlxalq standartlara uyğun tərəvəz məhsullarının, o cümlədən pomidor istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, son illər Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, həmçinin kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq edilməsi bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır. Keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı isə ilk növbədə aqrotexniki qaydalara düzgün riayət olunması ilə bağlıdır.
Görüşdə sahibkarlar “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair Təlimat”ın tələbləri, təsərrüfatlarda aşkarlanan zərərli orqanizmlərlə mübarizə, qeydiyyat jurnallarının tətbiqi, pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə qaydaları barədə ətraflı məlumatlandırılıb. Müvafiq qaydalara əməl edilməsinin vacibliyi önə çəkilib. Eləcə də vurğulanıb ki, sahibkarlar torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, su və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasına müraciət edə bilərlər.
Tədbirdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Cəmiyyət 2024-03-19 11:46:00