×
A
A
A
Sazlamalar

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Bakı, 19 mart, AZƏRTAC

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakı şəhərində də geniş qeyd edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər öz kütləviliyi ilə seçilib.
Ənənəvi bayram tədbirləri Bakı şəhərinin Nərimanov, Sabunçu və Suraxanı rayonlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı böyük sevinc hissi ilə qeyd ediblər. Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş olunub, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyət yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait var. Novruz ərəfəsində abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.

Cəmiyyət 2024-03-19 10:58:00